Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov və Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, nazir müavini İltimas Məmmədov MSK-da yaradılan "veb-kamera"lara texniki nəzarət mərkəzində olublar. SİA-nın məlumatına görə, rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov bildirib ki, noyabrın 1-də keçiriləcək parlament seçkilərini izləmək üçün seçki məntəqələrində quraşdırılan veb-kameralar tam hazır vəziyyətdədir.
Onun sözlərinə görə, seçki məntəqələrində səsverməni internet vasitəsilə izləmək mümkün olacaq: "MSK-nın saytına daxil olmaqla internet vasitəsilə seçkini izləmək olar. Əvvəllər hər hansı proqramların yüklənməsi lazım idisə, indi buna ehtiyac olmayaq. 124 seçki dairəsini əhatə edən veb-kameralar seçki məntəqələrinin 20 faizini təşkil edir, bu da 1 000 məntəqə deməkdir. Veb-kameralar quraşdırılan məntəqələrdən informasiyasının ötürülməsi üçün yüksək parametrli xətlərin ayrılması ilə şəbəkə yaradılıb. 5 415 məntəqədə telefonlaşma işi yekunlaşdırılıb".
Daha sonra MSK sədri Məzahir Pənahov bidlirib ki, hazırda təşviqat normal şəraitdə aparılır: "Bütün dünyada təşviqat prosesi sosial şəbəkələrdə aparılır. Belə təşviqat əvvəlki seçkilərdən müqayisəolunmaz dərəcədə fərqlənir. Çünki sosial şəbəkələri bütün dünya izləyir. Hesab edirəm ki, Azərbaycandakı seçkiqabağı proses normal gedir".
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov isə diqqətə çatdırıb ki, dünyanın bir çox ölkələrində belə sistemə rast gəlmək olmaz: "Azərbaycanda isə bu şərait yaradılıb. Yəni, ölkəyə gəlmədən də seçkini izləmək olar. Seçki ilə bağlı bu cür işlərin görülməsi təqdirəlayiq haldır. Kiber-hücumlardan qorunmaq üçün də təcrübəmiz var. Bu sistemə müdaxilə olsa da, dəf ediləcək. Xarici portnyorlarımız var, lazım olarsa, onlara da müraciət olunacaq. Kiber-hücumlardan qorunmaq üçün üçqat ehtiyatlanma sistemi qurulub".
Tədbir sual-cavab formasında davam etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB