Rəşad Mahmudov: "Üzərimə düşən hər bir vəzifənin öhdəsindən ləyaqətlə gələcəyik"

Rəşad Mahmudov: "Üzərimə düşən hər bir vəzifənin öhdəsindən ləyaqətlə gələcəyik"

Oktyabrın 16-da Yeni Azərbaycan Partiyasının (YAP) 77 saylı Astara Seçki Dairəsi üzrə namizədi Rəşad Mahmudovun Ərçivan qəsəbəsində və Şivi kəndində seçiciləri ilə görüşü keçirilib. Görüşdə çıxış edən namizədin səlahiyyətli nümayəndəsi Firudin Əhmədov onun fəaliyyəti barədə geniş məlumat verib. Qeyd olunub ki, hər bir vətənsevər vətəndaş kimi Rəşad Mahmudov da ölkəsinin rifahı və tərəqqisi naminə əzmlə çalışan bir insan, ictimai rəydə, cəmiyyətdə nüfuz qazanan layiqli vətəndaş kimi tanınan insanlardandır. O, hər bir seçicini YAP-ın namizədinə səs verməyə dəvət edib.

Sonra Rəşad Mahmudov seçiciləri ilə görüşündə son illərdə Astara rayonunda görülən quruculuq işləri haqqında məlumat verib və bildirib ki, əldə edilən hər bir nailiyyətin əsasında Ulu Öndər Heydər Əliyev siyasətinin uğurlu davamı, Prezident İlham Əliyev faktoru dayanır: "Biz bu faktordan faydalanaraq, ölkəmizin, regionlarımızın inkişafında yeniliklər, müasirliklər əldə edirik. Əlbəttə ki, hər bir inkişaf növbəti inkişafa təkan, stimul verir. Ona görə də biz davamlı inkişaf yolunu hər zaman diqqətlə saxlamalı, ardıcıl uğurlar əldə etməklə Vətənimizin tərəqqisi amilinə töhfələrimizi verməliyik. Millət vəkili seçilərsəm, üzərimə düşən hər bir vəzifənin öhdəsindən ləyaqətlə gələcəyimə inanır və buna söz verirəm".

Sonra namizəd kənd sakinlərinin problemlərini dinləyib. Hər iki kəndin sakinləri də öz növbələrində vurğulayıblar ki, Yeni Azərbaycan Partiyasının namizədinə - Rəşad Mahmudova səs verəcəklər.

Görüşün sonunda Rəşad Mahmudovla kənd sakinləri arasında diskusiya aparılıb. O, seçicilərin ona ünvanladığı sualları cavablandırıb və platforması barədə əhatəli bilgilər verib.

İntizarə MƏMMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə