Bu gün "Bakı Metropoliteni" QSC növbəti sosial layihəsini həyata keçirib. SİA-nın məlumatına görə, "Nəriman Nərimanov" stansiyasının keçidlərində dünyaca məşhur rəssamların müxtəlif muzeylərdə sərgilənən əsərlərindən ibarət sərgi təşkil olunub. Sərginin açılışı "Nəriman Nərimanov" stansiyasının keçidində baş tutub.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev jurnalistlərə açıqlamasında bildirib ki, bu, sayca üçüncü sərgidir: "Biz bundan daha öncə, "Nəriman Nərimanov" stansiyasında talessemiyalı xəstə uşaqların rəsm əsəri sərgisini keçirmişdik. "Gənclik" stansiyasında isə fotoqrafların fotosərgilərini təşkil etmişdik. Bu gün isə "Nəriman Nərimanov" stansiyasında biz dünya rəssamlarının əsərlərindən ibarət sərgi təşkil etdik. Belə bir sərgi Azərbaycanda ilk dəfədir ki, təşkil olunub. Ümumilikdə 85 əsər nümayiş olunub. Onun 15 ədədi həmin rəssamların portretləridir. 70 ədədi isə onların rəsm əsərlərindən ibarətdir. Bu, sosial layihədir. Əsas məqsədimiz sərnişinlərimiz, eləcə də Bakıya gələn qonaqların bu rəsm əsərləri ilə yaxından tanış olmasıdır".
Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasının təmayül fənnləri üzrə direktor müavini, sənətşünasi, rəssam Kəmalə Kərimova bildirib ki, o, belə bir layihələri ilk dəfə Stokholm şəhərinin metropolitenində görüb: "Çox sevindirici haldır ki, adi insanlar, sərnişinlər hər gün işə tələsərkən belə bir gözəlliklə üz-üzə gəlirlər. Burada nümayiş olunan əsərlər məşhur rəssamların işlərinin printləridir. Printlər keyfiyyətli şəkildə dərc olunub. Ən əsası isə hər bir printin yanında rəssam, sənət əsəri haqqında ətraflı məlumat verilib. Bu, çox önəmlidir. Beləcə bizim sərnişinlər maarifləndirilir".
Qeyd edək ki, bu rəsm əsərləri 2016-cı il aprelin 15-nə kimi"Bakı Metropoliteni" QSC-də sərgilənəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB