1 243 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

1 243 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

Bu gün Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, MSK sədri Məzahir Pənahov deyib ki, Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərində 1 243 nəfərin deputatlığa namizədliyi qeydə alınıb: "Qeydə alınan namizədlərin 277-ni 15 siyasi partiya, 19-nu "Azadlıq-2015" seçki bloku, 2-ni təşəbbüs qrupları irəli sürüb, 945 namizəd isə öz təşəbbüsü ilə seçkiyə qatılıb: "MSK-da 166 müşahidəçi qeydiyyatdan keçib. Dairə seçki komissiyalarında isə 15 272 müşahidəçi qeydə alınıb. İndiyə qədər MSK-da 40 müraciətə baxılıb. Onlardan 14-nün müraciəti təmin olunmayıb".

İclasda Müsavat Partiyasının Məclis üzvü, tarixçi alim Nəsiman Yaqublunun şikayətinə baxılıb. 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən namizədliyini irəli sürən N.Yaqublu müraciətində DSK-nın qərarının əsassız olduğunu iddia edib. MSK-nın Ekspert Qrupunun araşdırması nəticəsində N.Yaqublunun DSK-ya təqdim etdiyi 550 imzadan 160-nın etibarsız olduğu üzə çıxıb. 160 seçici onlardan aldadılma yolu ilə imzaların toplanıldığını bildirib. Ona görə MSK DSK-nın N.Yaqublu ilə bağlı qərarı qüvvədə saxlayıb və onun namizədliyi qeydə alınmayıb.

Həmçinin bugünkü iclasda Müsavat Partiyasının Məclis sədri Nüşabə Sadıxlının şikayətinə baxılıb. 29 saylı Səbail seçki dairəsindən namizədliyini irəli sürən N.Sadıxlı müraciətində onun namizədliyini qeydə alınmaması ilə bağlı DSK-nın qərarına etiraz edib. MSK katibi Arifə Muxtarova deyib ki, DSK qərarını imzaların yetərli olmaması ilə əsaslandırıb. MSK-nın Ekspert Qrupunun araşdırması nəticəsində də məlum olub ki, N.Sadıxlının DSK-ya təqdim etdiyi imzaların deputatlığa namizədliyi qeydə alınması üçün yetərli deyil. Ona görə Müsavat Partiyasının Məclis sədrinin deputatlığa namizədliyi qeydə alınmayıb. N.Sadıxlının səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı MSK-nın qərarına etiraz edib.

Sonda cari məsələlərə baxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə