Azərbaycan Respublikası Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası (MSK) və Azərbaycan Mətbuat Şurasının (MŞ) birgə təşkilatçılığı ilə "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri" mövzusunda seminar-müşavirə keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, MSK sədri Məzahir Pənahov, Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev, Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nüşirəvan Məhərrəmli, KİV nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edən MSK sədri Məzahir Pənahov ölkə rəhbərliyinin şəffaf seçkilərin keçirilməsi ilə bağlı ortaya qoyduğu iradəni təqdirəlayiq hesab edərək qeyd edib ki, seçkilərin şəffaf keçirilməsində kütləvi informasiya vasitələrinin rolu böyükdür: "Çalışırıq ki, seçkilərlə bağlı kimin fikri varsa, ortaya qoysun. Bütün məsələlər aydınlaşdırılsın. Mətbuatın bu işdə rolunu xüsusi vurğulamaq lazımdır".
MSK sədri qeyd edib ki, təşviqat kampaniyasından öncə deputatlığa namizədlərin təbliğat kampaniyası aparması yolverilməzdir: "Biz bu məsələləri diqqətdə saxlayırıq. Ölkədə keçirilən seçkilərə həssas, ciddi yanaşırıq. Əlimizdən gələni etməliyik ki, seçki prosesinə heç kim kölgə sala bilməsin".
Çıxış edən Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qeyd edib ki, müstəqillik qazandıqdan sonra Azərbaycanda ümumrespublika səviyyəli 15-ə qədər seçki proseduru həyata keçirilib: "İndiyə qədər keçirilən seçkilər demokratik və ədalətli şəkildə olub. Təbii ki, bu proseslərdə hər zaman mətbuatın iştirakı mütləq şəkildə təmin olunub".
Əli Həsənov bildirib ki, seçkilər zamanı müəyyən nöqsanlar istisna deyil, heç bir ölkə bu nöqsanlardan sığortalanmayıb: "Seçkilər cəmiyyətdəki ovqatdan, ictimai mühitdən və yaradılan şəraitdən asılıdr. Mərkəzi Seçki Komissiyası bütövlükdə Azərbaycanda seçkilərin ədalətli keçirilməsi üçün bütün lazimi tədbirləri görüb".
Seçkilərdə mətbuatın roluna toxunan Ə.Həsənov qeyd edib ki, jurnalist vəsiqəsi kifayət edir ki, KİV təmsilçiləri əvvəldən axıra qədər seçki prosesini izləmək hüququna malik olsunlar: "Biz mətbuatı seçkilərin mühüm bir iştirakçısı kimi dəyərləndiririk. Mətbuatın vəzifəsi ondan ibarətdir ki, seçki mühitini doğru-düzgün təhlil etsin, əhalinin seçki ovqatının, fəallığının necə olmasını öyrənsin. Bütün bu prosesləri cəmiyyətə çatdırmaqda yeganə institut mətbuatdır. Bəzən MSK verdiyi rəyi bəzi dairələr obyektiv dəyərləndirməyə bilir, amma mətbuat bunu obyektiv dəyərləndirir. Bu baxımdan mətbuatın rolu dəyərsizdir. Mətbuat seçkilərdə iştirak edən bütün tərəflərə, o cümlədən siyasi partiyalara, bloklara bərabər şərait yaratmalıdır. Mətbuat KİV haqqında qanun, seçki qanunvericiliyinə uyğun hərəkət etməli və dövlətin yürütdüyü plüralistik siyasətə söykənərək namizədlər üçün bərabər şərait yaratmalıdır".
Ə.Həsənov deyib ki, eyni zamanda mətbuat bir dövlətin imicinin formalaşmasında iştirak edən mühüm vasitədir: "Azərbaycan dövlətinin imicinin formalaşmasında KİV-in rolu əvəzsizdir. Bilirsiniz ki, müasir dünyada imic yaratma mexanizmləri, dünyada ictimai rəyi idarəetmə mexanizmiləri bəlli mərkəzlər tərəfindən idarə olunur. Yəni dünyada ümumi tendensiya ondan ibarətdir ki, KİV-lər azad, müstəqil olmalıdır, öz siyasətlərini və fəaliyyətlərini özləri qurmalıdırlar. Amma sirr deyil ki, dünya ölkələrində mövcud olan KİV-lərin idarə edilməsi tendensiyası bütün dövlətlərə məxsusdur. Bütün dövlətlər çalışır ki, onun fəaliyyəti ilə bağlı informasiya yayan, həmin cəmiyyətdə mövcud olan ictimai ovqatı dəyərləndirən və bu barədə məlumat verən KİV-lər maksimum dərəcədə idarə olunsun".
Prezidentin köməkçisinin sözlərinə görə, Azərbaycan dövləti də çalışır ki, KİV-ləri idarə etsin: "Amma nə dərəcədə biz buna nail oluruq, bu idarəçilik onların azadlığına, sərbəst fəaliyyətinə mane olur və ya olmur, bunu dəyərləndirmək lazımdır. Dövlətin KİV üzərində müəyyən avtoritet nüfuza malik olması hansı mexanizmlə həyata keçirilir? Dünya ölklərində bunun müxtəlif yolları, vasitələri var. Biz Azərbaycanda KİV-ləri dəstəkləmək xətti götürmüşük. Bilirsiniz ki, bu, dövlət büdcəsindən müəyyən qrantlar, bu və ya digər həvəsləndirmələr, jurnalist müsabiqələri keçirmək, birbaşa onların bu və ya digər problemlərinə dövlət yardımı göstərmək xətti ilə həyata keçirilir. KİV-in inkişafına dövlət dəstəyi konsepsiyasi qəbul olunub və ona müvafiq olaraq Fond yaradılıb. Amma heç kim deyə bilməz ki, bütün bunlar Azərbaycan hakimiyyətinin total şəkildə KİV-in fəaliyyətinə müdaxiləsi formasında həyata keçirilir. Azərbaycanda heç kim deyə bilməz ki, KİV-in fəaliyyətini Azərbaycan hakimiyyəti idarə edir və onun bütün jurnalist normalarını, azad jurnalist prisiplərini hakimiyyət müəyyən edir. Amma, eyni zamanda, əlbəttə biz dövlət olaraq bu resursun əhəmiyyətini dəyərləndirərək onlarla səmərəli tərəfdaşlıq fəaliyyəti qurmağa çalışırıq. Bizim KİV-lərə münasibətlərimizin təməlində tərəfdaşlıq dayanır".
Ə.Həsənov qeyd edib ki, Ümumilli Lider Heydər Əliyev Azərbaycanda KİV sahəsində siyasi plüralistik normaların formalaşmasının təməlində dayanır: "1998-ci il 6 avqust fərmanı ilə ümummilli lider KİV üzərindən bütün tənzimləyici və dövlət idarəedici mexanizmləri götürməklə, ləğv etməklə Azərbaycanda azad sözün, müstəqil medianın təməlini qoydu. Bu gün də Prezident İlham Əliyev bu prinsiplərə əməl edərək Azərbaycanda siyasi plüralistik cəmiyyətin formalaşması və inkişafı istiqamətində bütün addımları atır. Bu gün Azərbaycanda azad internet mövcuddur, sosial şəbəkələrdə istənilən fəaliyyət azaddır və istənilən insan blok açıb, orada öz fikirlərini söyləyə və başqaları ilə bölüşə bilər. Hər bir insan facebook səhifəsində özünü və düşündüyü ideyaları və digər məsələləri təbliğ edə bilər. KİV-lər istədikləri informasiyanı sərbəst şəkildə toplayb yaya bilər, o cümlədən hakimiyyətin yürütdüyü siyasətə tənqidi və yaxud da dəstəkləyici münasibət bildirə bilər. Bu sahədə Azərbaycanda heç bir problem yoxdur və bundan sonra da olmayacaq. Azərbaycan dövlətinin təməlində demokratik normalar durur ki, bu da bizim Konstitusiyamızda əks olunub. Ümummilli lider tərəfindən təməli qoyulmuş azad media, siyasi plüralistik cəmiyyət normaları Prezident İlham Əliyev və onun komandası tərəfindən də davam etdirilir və bundan sonra da davam etdiriləcək".
Daha sonra çıxış edən Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli qeyd edib ki, seçkilərə həsr olunmuş ümumi xarakterli verilişlərlə namizədlərin təbliğatına həsr olunmuş verilişlər bir-birindən ayrılmalıdır: "Bəzən ümumi xarakterli verilişlərdə namizədlərin təbliğatı ilə bağlı qarışıqlığa yol verilir. Namizədlərə təbliğatlarını aparmaq üçün 10 dəqiqədən çox vaxt ayrılır. Mən bunu düzgün saymıram, seçki qanunvericiliyinə uyğun olaraq normalar müəyyənləşdirilməlidir. Digər tərəfdən, regionlarda televiziya və radio kanallarında namizədlərin təbliğatının aparılması, namizədlərin bu televiziya və radioların imkanlarından istifadə etməsini zəruri sayıram. Digər tərəfdən, namizədlərin təbliğatının şouya çevrilməsinə yol verilməməsi yaxşı olardı".
Digər çıxış edənlər də ölkəmizdə noyabrın 1-də keçiriləcək parlament seçkilərinin tam ədalətli və şəffaf şəkildə KİV-lər də işıqlandırılacağını və Azərbaycanda keçiriləcək seçkilərin dünya ölkələrinə nümunə olacağını söylədilər.
Tədbir diskussiya şəklində davam edib.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB