Sahibə Qafarova: “Azərbaycanda məscidlə, sinaqoqu, kilsəni yanaşı görmək olar”
"Dini fanatizm və ekstremizm bu gün bir çox ölkələri təhdid etməklə yanaşı, ksenofobiyanın və dini müxtəlifliyin təşviq olunmasına qarşı maneələrin güclənməsini şərtləndirir". SİA xəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyasının payız sessiyası çərçivəsində keçirilən "Demokratik cəmiyyətlərdə din azadlığı və birgə yaşayış" mövzusunda qətnamənin müzakirələri zamanı çıxışı zamanı Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin üzvü, qurumun Qadınlara qarşı Zorakılıqla Mübarizə üzrə Baş Məruzəçisi və "Zorakılıqdan azad Qadın" parlament şəbəkəsi üzrə siyasi əlaqələndiricisi Sahibə Qafarova deyib.
Azərbaycan nümayəndə heyətinin üzvü Rəfael Hüseynovun hazırladığı sənədin əhatə etdiyi mövzunun aktuallığını vurğulayan Sahibə Qafarova bildirib ki, demokratik cəmiyyətlərdə birgəyaşayışdan danışarkən burada dinlə bərabər, bir sıra digər amilləri də vurğulamaq lazımdır. Hazırda bir sıra maraq qruplarının din amilindən bir vasitə kimi istifadə etdiklərini diqqətə çatdıran millət vəkili əlavə edib ki, bu qruplar dini müxtəlifliyin sivilizasiyalar arasında mübarizənin əsas vasitəsi kimi təqdim edərək çox təhlükəli bir ideyanın əsasını qoyublar. Bununla yanaşı, bəzi separatçı təşkilatlar da öz fəaliyyətlərinə bəraət qazandırmaq üçün din amilindən istifadə etməkdədirlər: "Dinin bu qədər istismar olunduğu, müxtəlif təhdidlərin əsas məqsədi kimi göstərildiyi indiki şəraitdə dinlər və mədəniyyətlər arasında dialoq çox vacibdir. Çünki dini dözümlülük, fərqli dinlərə qarşı tolerant münasibət müasir dünyada təhlükəsizliyin təmin olunmasının çox əhəmiyyətli şərtlərindən biridir. Ona görə də milli hökumətlər bu məsələrin həllində diqqəti daha da artırmalı, dini dözümlülüyün gücləndirilməsinin terrorizmin, dini zəmində qarşıdurmaların meydana gəlməsinin qarşısının alınmasının, davamlı sülhün təmin olunmasının əsas yolu olduğunu dərk etməlidirlər".
Sahibə Qafarova deyib ki, birgəyaşayış ənənələrinin möhkəmləndirilməsi müxtəlif dinlərin milli mənəvi dəyərlərinin inkar olunması kimi dərk edilməməlidir. Birgəyaşayışın əsas formulası da məhz budur ki, müxtəlif dinlərin, xalqların tarixi, milli – mənəvi dəyərləri qarşılıqlı şəraitdə mühafizə olunmalıdır: "Biz səmimiyyətlə, qarşılıqlı hörmət və sevgi, güclü iradə ilə əməkdaşlığı gücləndirməli, dini və milli müxtəlifliyin nifaq səbəbi olmasının önünü kəsməliyik. Bunun yolu isə ortaq insani dəyərlərin qorunmasından keçir".
Daha sonra ölkəmizdə mövcud olan tolerantlıq ənənələrindən danışan millət vəkilinin sözlərinə görə, Azərbaycan öz təcrübəsində sübut edib ki, tolerantlıq, milli və mənəvi dəyərlərə qarşılıqlı hörmət, fərqli dinlərin nümayəndələrinə və onların ənənələrinə ehtiram sülh və təhlükəsizlik şəraitində yaşamağın ən uğurlu yoludur: "Mən böyük fəxrlə Azərbaycanda multikulturalizmin, tolerantlığın həyatın bütün sahələrində nailiyyətlərin əldə olunmasına, müxtəlif xalqların və fərqli dinlərin nümayəndələrinin sülh və əmin amanlıq şəraitində birgəyaşayışına imkan verir. Bu gün Azərbaycanda istər xristian icmasının, istər yəhudi icmasının təmsilçiləri əsas çoxluğu təşkil edən müsəlmanlarla real bərabər imkanlara və bərabər hüquqlara malikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 48-ci maddəsində hər bir ölkə vətəndaşının vicdan azadlığı təsbit olunub. Azərbaycanda məscidlə, sinaqoqu, kilsəni yanaşı görə bilərsiniz".
Sonda Sahibə Qafarova bir daha dini dözümlülüyün, tolerantlığın sülh və əmin amanlıq şəraitində birgə yaşayışın əsas vasitəsi oljuğunu diqqətə çatdırıb və mədəni və dini tolerantlığın inteqrasiyanın da idealı modeli olduğunu ifadə edib.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB