Hazırlıq işlərinin yüksək səviyyədə təşkili seçkilərdə qələbə üçün əsasdır
Ölkəmiz mühüm siyasi kampaniya ərəfəsindədir. Noyabr ayında keçirilməsi nəzərdə tutulan parlament seçkilərinə rəsmi start verilməsə də, hazırlıq işlərinin lazımi səviyyədə həyata keçirilməsi üçün səylər göstərilir. Hər bir seçki prosesinə mütəşəkkil şəkildə qatılan, təkmil seçki təcrübəsini ortaya qoyan Yeni Azərbaycan Partiyası (YAP) da bu prosesə xeyli əvvəl başlayıb.
Bu günlərdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Bakı şəhər rayonları, Sumqayıt şəhər və Abşeron rayon şöbələrinin üzvlərinin qarşıdan gələn parlament seçkilərinə hazırlıq işləri ilə əlaqədar toplantısında da Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov bu fikri xüsusi qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyası seçkilərə xeyli müddətdir hazırlaşır. Partiyanın yerli strukturları, fəalları hazırlıq prosesinə cəlb olunublar.
Əli Əhmədov bu fikri xüsusi qeyd etmişdir ki, seçkilərdə inamlı qələbənin qazanılmasının əsas şərtlərindən biri də səmərəli seçki kampaniyasının təşkil olunmasıdır. Partiyanın yerli strukturlarında fəaliyyət göstərən seçki qərargahlarının üzvlərinin mütləq əksəriyyəti böyük seçki təcrübəsinə malik olan insanlardır. SİA-nın verdiyi məlumata görə, eyni fikirləri Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahı Xətai rayon şöbəsinin sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov da bildirib.
H.Mirələmov vurğulayıb ki, hər bir seçkidə qələbəni şərtləndirən əsas amillərdən biri hazırlıq işlərinin yüksək səviyyədə təşkili ilə yanaşı, onun əsas tərkib hissəsi olan seçici fəallığının artırılmasıdır. Bu gün böyük fəxr və inam hissi ilə qeyd edirik ki, ötən seçkilərdən keçən dövr ərzində Azərbaycanın keçdiyi inkişaf yoluna bir daha nəzər salan, bu günümüz və gələcəyimizlə qürur duyan ölkə əhalisi seçkilərin daha yüksək səviyyədə keçirilməsi üçün birgə səylər göstərir. Seçici siyahılarının dəqiqləşdirilməsi işi davam etdirilir.
Gənclərin hazırlıq işlərində fəallığını xüsusi vurğulayan H.Mirələmov onların seçici kimi də böyük elektorat olduğunu xüsusi qeyd edib.
H.Mirələmov Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahı Xətai rayon şöbəsinin təkibindən bəhs edərək bildirib ki, 23 nəfərdən ibarət şöbənin sədr və sədr müavinindən əlavə 21 üzv rayon təşkilatının əhatə etdiyi 4 dairə arasında bölünərək, hazırlıq işləri ilə yaxından məşğul olur.
O da bildirilib ki, müşahidəçilərin, imza toplayacaq şəxslərin müəyyənləşdirilməsi prosesi həyata keçirilir. Hər dairə üzrə 10 nəfər imzatoplama kampaniyasında iştirak edəcək. Onlar üçün treninqlər keçiriləcək.
Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahı Xətai rayon şöbəsinin sədr müavini Mayıl Kərimov hazırlıq işlərinin gedişi ilə bağlı fikirlərini açıqlayarkən bu fikri xüsusi qeyd edib ki, məqsəd seçkilərin demokratikliyini, şəffaflığını təmin etmək, seçici fəallığını daha da artırmaqdır.
M.Kərimov seçkilərdə qələbənin təmin olunmasında hazırlıq işlərinin lazımi səviyyədə qurulmasının əhəmiyyətini xüsusi vurğulayaraq qeyd edib ki, seçkilərin şəffaflığının, demokratikliyinin təmin edilməsində əsas amillərdən biri məhz məntəqələrdə veb-kameraların quraşdırılmasıdır. Digər seçkilərdə olduğu kimi qarşıdan gələn parlament seçkilərində də məntəqələrdə quraşdırılacaq veb-kameralar bu şəffaflığın nəinki ölkə daxilində, eyni zamanda xaricdə də izlənilməsinə şərait yaradacaq.
Çıxışlarda hazırlıq işlərinin yüksək əhval-ruhiyyə şəraitində həyata keçirildiyi bir daha təsdiqlənib. Təbii ki, bu ruh yüksəkliyinə əsas verən amil bugünkü Azərbaycan reallıqlarıdır. Ötən parlament seçkilərindən keçən dövr ərzində Azərbaycanın əldə etdiyi uğurlar, beynəlxalq aləmdə möhkəmlənən mövqeyi, xalqın rifah halının günbəgün yaxşılaşması göz qabağındadır. Hər bir uğur qarşıya qoyulan məqsədə nail olmaq üçün stimul verir.
Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Xətai rayon şöbəsində də seçkilərə mütəşəkkil hazırlıq yüksək səviyyədə davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB