Sevinc Fətəliyeva: “Ermənistan tərəfi sülh prosesinə cəlb edilməlidir” AÇIQLAMA

Sevinc Fətəliyeva: “Ermənistan tərəfi sülh prosesinə cəlb edilməlidir” AÇIQLAMA

"Ümidvaram ki, ATƏT Parlament Assambleyasının (ATƏT PA) Finlandiyanın paytaxtı Helsinkidə keçirilən yay sessiyası çərçivəsində quruma yeni baş katib seçilən italiyalı deputat Roberto Montella Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində hansısa irəliləyişlərə imza atacaq". Bunu SİA-ya Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sevinc Fətəliyeva deyib.

Deputatın sözlərinə görə, ümumilikdə bu məsələ tək bir nəfərin işi deyil: "Burada tərəflərin mövqeyi, addımları da çox önəmlidir: "İlk növbədə, bizim gözləntilərimiz bu şəxsin fəaliyyəti yox, əksinə onun Ermənistan tərəfini işə, sülhə prosesinə cəlb etməkdir. Eləcə də onları sülh prosesində iştirak etməyə məcbur etməkdir. Düşünürəm ki, bu, ən önəmli məsələlərdən biridir. Lakin buna baxmayaraq xeyli müddətdir ki, bu münaqişə davam edir. Biz bütün beynəlxalq təşkilatlarda, ATƏT-in Minsk qrupu çərçivəsində müxtəlif platformalarda müzakirə zamanı (həmçinin də ikitərəfli prezidentlərin görüşləri zamanı) şahidi ola bilərik ki, Ermənistan tərəfi daimi olaraq öz mövqeyini tamamilə fərqli istiqamətə yönəldir və prosesin həllində heç bir səylər göstərmir. Məhz buna görə də konfilikt hələ də davam edir".

S.Fətəliyeva əlavə edib ki, baxmayaraq ki, Azərbaycan tərəfindən bir sıra addımlar atılır, ATƏT həmsədrlərinin fəaliyyəti yüksək qiymətləndirilir, yenə də Avropa Şurası Parlament Assambleyasında Dağlıq Qarabağ üzrə Alt Komitəsi yaransa da lakin Ermənistan bu komitəyə gəlmir, heç onu saymır, hətta boykot edir: "Təbii ki, əsas məsələ Ermənistanın bu prosesdə iştirak etməsidir".

Qeyd edək ki, ATƏT Parlament Assambleyasının (ATƏT PA) Finlandiyanın paytaxtı Helsinkidə keçirilən yay sessiyası çərçivəsində quruma yeni baş katib seçilib. İtaliyalı deputat Roberto Montella yeni baş katib olub. Montella vəzifəsinin icrasına 2016-cı il yanvar ayının 1-dən başlayacaq. Hazırkı baş katib Oliver Spenseri 2015-ci ilin sonunda vəzifəsindən gedəcək. ATƏT PA-nın baş katibi 5 il müddətində tutduğu vəzifəni icra edir.

Bütün xəbərlər Facebook səhifəmizdə