Nicat Müslümov: "Gəncliyin böyük əksəriyyəti YAP-ın sıralarındadır" MÜSAHİBƏ
"Azərişıq" ASC-nin Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Nicat Müslümovun SİA-ya müsahibəsi:
- Dövlətimizin gələcək inkişafında gənclərimizin rolunu necə qiymətləndirirsiniz?
- Ölkəmizin sürətli inkişafı hər bir Azərbaycan vətəndaşında formalaşan qürur və iftixardır. Eyni zamanda, bu inkişafın hər bir vətəndaşın həyatında dəyişikliklər üçün əsasın olması da inamımızı şərtləndirən amildir. Bu gün savadlı gənclər, ölkəmizin uğurlu gələcəyinə təsir etmək imkanı olan əhəmiyyətli sosial resursdur. Bu gün hər bir gənc nəticəni tez görməyi və onu tez əldə etməyi arzulayır, ona stabil və uğurlu gələcək lazımdır. Bu gün ölkədə kifayət qədər təhsilli gənc var. Bu gənclər bu gün ölkənin müxtəlif strukturlarında çalışır və Azərbaycanın inkişafı naminə öz töhfələrini verirlər. Hesab edirəm ki, bu gün ölkədə gənclər üçün bütün ictimai-siyasi şərait yaradılıb ki, onlar öz işlərini həyata keçirə bilsinlər və öz parlaq gələcəklərini qursunlar. Bu gün Yeni Azərbaycan Partiyasının 600 mindən artıq üzvü var ki, onların təxminən 45 faizini gənclər təşkil edir. Hesab edirəm ki, bunun nəticəsində gənclərimiz də Yeni Azərbaycan Partiyasına öz dəstəklərini bundan sonra da verəcək, onlar bu təşkilat vasitəsi ilə öz firavan həyatlarını quracaq və Azərbaycanın gələcəyi naminə öz töhfələrini verəcəklər.
- Yeni Azərbaycan Partiyasında gənclərin fikirlərinə nə dərəcədə yer verilir?
- Yeni Azərbaycan Partiyası öz məqsəd və məramına uyğun olaraq gənclərin hüquqi dövlət və sivil vətəndaş quruculuğu proseslərində yaxından iştirakına münbit şərait yaradıb. Bilik və bacarıqları günümüzün tələblərinə cavab verən, Vətəni, milləti üçün fəaliyyət göstərmək istəyində olan ictimaiyyətçi gənclər Yeni Azərbaycan Partiyası tərəfindən daim himayə olunur. Gənclərimiz partiya xətti ilə mütəmadi olaraq xarici ölkələrdə səfərlərdə olur, müxtəlif beynəlxalq təşkilatların təşkil etdiyi seminarlara qatılaraq ölkəmizi təmsil edirlər. Bu səbəbdən də zamanını Vətəni, xalqı, milləti üçün dəyərləndirən gəncliyin böyük əksəriyyəti YAP-ın sıralarındadır.
- Dövlət gənclərə öz potensialını üzə çıxarmaq üçün hansı şərait yaradıb?
- Gənclər və İdman Nazirliyi ölkə gənclərinin potensiallarının aşkarlanmasında mühüm rol oynayır. Təbii ki, bir nazirliyin imkanları çərçivəsində bu sayda gənclər ordusunun hər bir üzvü ilə iş aparmaq, onları istiqamətləndirmək, Vətənə, xalqa xidmətdə nümunəvi fərd kimi yetişdirmək bir o qədər də asan deyil. Son illər qəbul olunmuş dövlət proqramları çərçivəsində insan kapitalının, xüsusi ilə gənclərin elmi potensialının inkişafına xüsusi yer ayrılır. Həyat durmadan inkişaf edir. Tələblər, istəklər artdıqca dövlətin gənclər siyasəti kursu da yeniləşməkdədir.
- Gənclərimiz ölkənin ictimai-siyasi həyatında özlərini necə ifadə edirlər?
- Bütün cəmiyyətlərdə olduğu kimi, ölkəmizin də ictimai-siyasi həyatında mühüm demoqrafik sinif olan gənclər hazırda onlara göstərilən qayğı və diqqətdən kənar qalmır, bundan mümkün qədər istifadə edərək, şansları dəyərləndirə bilirlər. Bu, əlbəttə, bizdə sevinc doğurur. Çünki biz də bu prosesin içindəyik. Başqa sözlə desək, Azərbaycan gəncləri artıq cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib, demokratikləşmə və demokratik prinsiplərin mənimsənilməsi və inkişafı prosesində yaxından iştirak edirlər.
- "Bakı-2015"lə bağlı siz hansı işlər görürsünüz?
- Bu Oyunların Bakıda keçirilməsi mənim üçün çox sevindirici haldır. Çünki Azərbaycan xalqı hər zaman qonaqpərvər bir millət kimi tanınır. İlk Avropa Oyunları Azərbaycana yalnız uğur qazandıracaq. "Bakı 2015" ölkəmizdə sağlam həyat tərzinin və idmanın, infrastrukturun inkişafına mühüm təsir göstərəcək, həmçinin ölkəmizə gələcək çoxlu sayda qonaqlar turizmin və xidmət sektorunun inkişafına şərait yaradacaq. Bu Oyunlar sayəsində ölkəmizin müsbət imici daha da artacaq, uzunmüddətli investisiyalar çoxalacaq və həmçinin gələcəkdə digər nüfuzlu tədbirlərə ev sahibliyi etmək imkanı yaranacaq. Oyunlarda iştirak edəcək idmançılar və qonaqlar Azərbaycanı daha yaxından tanıyacaq və ölkəmizin uğurlu inkişaf modelini görəcəklər.
Azərbaycanın belə mötəbər yarışa ev sahibliyi etməsi gəncləri çox sevindirir. Bizim gənclərlə tez-tez görüşlərimiz olur. Gənclərimiz hər zaman ölkəmizin maraqlarına xidmət edirlər. Hər bir sektorda gənclər var. Prezident İlham Əliyev gənclərə böyük diqqət və qayğı ilə yanaşır. Biz də "Azərişıq" ASC YAP GB olaraq hər zaman ölkəmizdə ictimai-siyasi işlərdə aktiv oluruq. Bu yay ilk Avropa Oyunlarına biz də öz dəstəyimizi veririk: istər sosial şəbəkələrdə, istərsə də tədbir və görüşlərdə təbliğat aparırıq. Qeyd edim ki, mənim "Facebook"da yaratdığım Gənc Liderlər Heydər Əliyev Yolunda qrupuna qısa zamanda 6000-dən çox insan üzv olub. Qrup üzvlərinin sayı gündən-günə artır. Qrup, adından bəlli olduğu kimi, Azərbaycanın bütün maraqlarına xidmət edir. Niyyətimiz Azərbaycanda və Azərbaycandan kənarda ölkəmizi və idmansevərləri ilk Avropa Oyunlarına dəstək üçün bir araya gətirmək, sülhə, əməkdaşlığa, dostluğa xidmət edən bu möhtəşəm idman yarışına töhfə vermək, ona mane olmağa çalışanlara qarşı öz iradəmizi ortaya qoymaqdır. 100 nəfərə yaxın könüllü gənclərimiz var. Paytaxtdan və bölgələrdən olan gənclər, eləcə də xaricdə təhsil alan gənclər qrupun fəaliyyətini izləyə bilirlər. Onlar da öz çevrələrini, Avropada yaşayan insanları qrupa üzv olmağa dəvət edirlər. Böyük Britaniya, İspaniya, Fransa, Almaniya və digər ölkələrin vətəndaşları da dostluq qrupunun izləyiciləri sırasındadırlar.
Müxtəlif dillərdə statuslar yazaraq, ilk Avropa Oyunlarını, Azərbaycanı təbliğ edirik. Qrupun daxilində tez- tez görüşlər edir, konfranslar keçiririk. Demək olar ki, hər gəncin fikrini öyrənirik. Gənclərimiz çox aktivdirlər, dayanmadan 24 saat qrupda "Bakı 2015"lə bağlı paylaşımlar olur. Mən deyərdim ki, gənclərimizin bu cür aktiv olması onu göstərir ki, biz ilk Avropa Oyunlarına tam hazırıq. Hesab edirəm ki, biz gənclər Prezident İlham Əliyevin ətrafında daha da sıx birləşməliyik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB