Bu gün Çanaqqala savaşı ilə bağlı çəkilən "Son məktub" filminin təqdimatı keçirilib. SİA-nın məlumatına görə, keçirilən təqdimat mərasimində Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, millət vəkili Qənirə Paşayeva, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alper Coşkun və digər rəsmilər iştirak edib.
Əli Həsənov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin filmin təqdimat mərasimi ilə bağlı ünvanladığı təbrik məktubunu oxuyub. Həmin məktubu oxucularımıza təqdim edirik: "Bu savaşın qəhrəmanlarının yaratdığı obraz, onların azadlıq və dövlətçilik arzuları, bir millət iki dövlət - Türkiyə və Azərbaycanın timsalında gerçəkliyə çevrilib. Tarixin ən ağır zamanlarında birlikdə olmuş xalqlarımız bu gün də bir-birinə hərtərəfli kömək göstərir. İqtisadi-siyasi, mədəni əlaqələrimiz durmadan genişləndirilir. Hər iki ölkə dinamik şəkildə inkişaf edir. Hər iki ölkə qarşılıqlı əməkdaşlığın, sülh və təhlükəsizliyin təmin olunmasına sanballı töhfələr verir. Müasir dövrdə dünyanın siyasi mənzərəsi əsaslı şəkildə dəyişmiş, vaxtilə Çanaqqala savaşında üz-üzə dayanan dövlətlər eyni dəyərləri bölüşərək dinc şəraitdə yaşayıb, yeni əməkdaşlıq yoluna qədəm qoyublar. Bununla belə təəssüf ki, regionumuzda barışa, əmin-amanlığa, xalqlar arasında dostluq və əməkdaşlıq mühitinin yaranışına yönəlmiş təhdidlər hələ də qalmaqdadır. Belə şəraitdə keçmişdən ibrət dərsi götürmək, geosiyasi qarşıdurmaların, müharibələrin, milli və dini ədavətin aradan qaldırılması üçün qəti tədbirlərin görülməsi üçün beynəlxalq hüququn norma və prinsiplərinə dönmədən riayət olunması zəruridir. Tarixi yaddaşın möhkəmləndirilməsi və vətənpərvərlik ideyalarının aşılanması əhəmiyyətli olduğu üçün ümumbəşəri dəyərlərin və mədəniyyətlər arası dialoqun təşviqi də indiki nəsillərin qarşısında duran mühüm vəzifələrdən biridir. İnanıram ki, təqdim olunan bu film, həm də nəcib amalların reallaşmasına xidmət göstərəcək. Filmin ərsəyə gəlməsində əməyi olan hər kəsi təbrik edir, yaradıcı heyətə yeni-yeni uğurlar arzulayıram".
Qeyd edək ki, məktubun oxunmasından sonra film nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB