“Əli Kərimli liderinə xəyanət etmiş birisidir”

Elşən Musayev: “Əli Kərimli İranda məskunlaşan bəzi destruktiv qüvvələrə mesaj göndərir ki, planınız varsa siyasi tərəfini icra etməyə hazırıq”
“Əli Kərimli liderinə xəyanət etmiş birisidir”

Müsahibimiz Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevdir

- Elşən müəllim, Milli Şura deyilən qurumun keçirdiyi uğursuz aksiyada Əli Kərimli İranla "6-lıq" ölkələr arasında keçirilən danışıqların Milli Şuranın mitinqi ilə əlaqəsinin olduğunu bildirdi. Sizcə, bu əlaqə nədən ibarətdir?

- Məncə, bu, Əli Kərimlinin İrana verdiyi ilk mesaj deyil. Çünki Kərimli uzun müddətdir siyasi kontingentdən daha çox dini kontingentlə çalışmağa üstünlük verir. Eyni zamanda Əli Kərimli dolayı yolla radikal islamçılara, İranda məskunlaşan bəzi destruktiv qüvvələrə mesaj göndərir ki, planınız varsa siyasi tərəfini icra etməyə hazırıq. Hər halda dinlə ümumən əlaqəsi olmayan, ürəyində Allah sevgisi gəzdirməyən, günahları günah ardınca sıralayan Əli Kərimlinin addımında başqa səbəb axtarmaq və tapmaq mümkün deyil. Ə.Kərimli hakimiyyətə gəlmək üçün şeytanla belə ittifaqa girməyə hazırdır. Yetər ki, öz ambisiyalarını ortaya qoysun. Yəni Kərimliyə subyekt, ya da münasibətdə olduğu insanlar deyil, hədəflər maraqlıdır. O hədəfə çatmaq üçünsə tapdalaya, üzərindən keçə bilməyəcəyi dəyərlər yoxdur. Zatən Əli Kərimli liderinə xəyanət etmiş birisidir. Bunu edə bilən adamdan başqa nə gözləmək olar ki? Daha doğrusu nə gözləmək olmaz ki? Amma eyni zamanda kimsə Kərimliyə anlatmalıdır ki, bu qədər tarana da getmək olmaz. Mitinqdə 5 nəfər Hacı adı çəkəndə insaf xətrinə bir dəfə də illər boyunca sənə mikrofon tutan, bu gün həbsdə yatan Seymur Həzinin–filanın adını çəkməlisən. Amma görünən budur ki, insanlar Kərimliyə yalnız həbsə düşənə qədər lazım olur. Ondan sonra isə sanki yararlılıq müddətlərini itirirlər.

- Mitinqdə Əli Kərimli müxalifət düşərgəsində saxta müxalifətin də olduğunu iddia etdi. Saxta müxalifət deyəndə sizcə, hansı partiyalar nəzərdə tutulur?

- Əli Kərimlinin fikrincə müxalif cəbhədə onun özündən və təşkilatından başqa hamı və hər şey saxtadır. O isə Kərimli gedib Ulu Öndərimiz Heydər Əliyev haqda son 10 ildə yazılan kitabların ilk səhifəsinə baxsın. Baxsın və gördün ki, 5 kitabdan 4-nün ön sözünü Cəmil Həsənli yazıb. Amma mandat qazanmayan kimi anidən dönüb olub müxalifətçi. İndi sual edirəm: Saxta, riyakar, çörəyi dizi üstdə olan Əli Kərimli və onun dəstəsidir, yoxsa adlarını çəkdiyi müxalifət partiyaları?

- Müxalifət partiyalarından mitinqə dəstək verilmədi. Bu, "Milli Şura" ilə müxalif partiyaları arasında olan konfliktin nəticəsinin olduğunu demək olar?

- Bu konfliktlərin səbəbkarı yalnız və yalnız Əli Kərimlinin özüdür. Adam bir təşkilatla münasibət, ünsiyyət saxlamayıb. Hamıya bir şəkildə "torba tikib", hərəni bir formada "Azadlıq" qəzetinin qara piarına "qonaq edib". İndi həmin insanlar bu riyakar siyasi məxluqla necə bir araya gəlsinlər? Təbii ki, mümkün deyil. Ona görə də tribunadakı subyektlər dəyişməz olaraq qalır. Gültəkindən o yana keçə bilmirlər. "Çevir tatı - vur tatı". Bu vəziyyət sona qədər də belə, yəni dəyişməz qalacaq. Çünki Əli Kərimlidə liderlik xüsusiyyəti, insanları öz ardınca aparmaq qabiliyyəti yoxdur. Azərbaycan xalqı isə radikal təfəkkürlü insanlara, bütün məsələlərə zombi şüuru ilə yanaşanlara, olub - bitən hər şeyi qara eynək arxasından görənlərə inanmır. Həm də çoxdan inanmır. 1992-dən üzü bu yana...

- Sizcə, nəyə görə müxalifət ancaq mitinqlərə mübarizə metodu kimi baxır?

- Məncə onlar mitinqlərə mübarizə metodundan daha çox, pul qazanmaq, cib doldurmaq metodu kimi baxırlar. Həmin aksiyalar və bir də AXCP sədrinin cinayətə sövq edib, həbs həyatı yaşatdırdığı insanlar Əli Kərimlinin yeganə çörək ağacıdır. Çünki adam ən kiçik vəziyyətdən lazımınca bəhrələnməyi bacarır. İstənilən məsələni provokasiya həddinə çatdırıb ardınca da beynəlxalq təşkilatlara, xarici qüvvələrə car çəkir ki, haqqımız, hüququmuz pozulur, ay aman bizə yiyə durun. Belədə isə pullar, qrantlar tökülüb gəlir. Zatən dediyim kimi olmasa adam Londondakı villalarının sayını bir ildə iki dəfə artıra, övladını illik xərci 200 min evro olan Universitetdə oxutdura, ətrafında adam başı 2 min dollardan ödədiyi 20 mühafizəçini gəzdirə bilməzdi.

Gülyanə Ağakərimova

Bütün xəbərlər Facebook səhifəmizdə