Ziyafət Əsgərov Koreya rəsmisi ilə görüşdü

Ziyafət Əsgərov Koreya rəsmisi ilə görüşdü

Martın 29-da Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Koreya Respublikası Milli Assambleyasının üzvü, Assambleyanın sabiq sədri Kanq Çanq Hinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, Azərbaycan-Koreya münasibətlərinin bugünkü səviyyəsindən məmnunluqla danışan Ziyafət Əsgərov ölkə başçılarının qarşılıqlı səfərlərinin və parlamentlərarası dostluğun bu münasibətlərin daha da inkişaf etdirilməsində oynadığı rolu xüsusi qeyd edib. Sədr müavini bildirib ki, iki ölkə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlıq intensiv şəkildə inkişaf edir. Belə ki, hazırda Koreyanın bir çox tanınmış şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərirlər. Bu şirkətlər ölkənin tikinti sahəsində öz fəallıqları ilə seçilirlər. Təsadüfi deyil ki, iyunda Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə əlaqədar bir çox vacib idman arenalarının tikintisi məhz Koreya şirkətlərinə həvalə olunub. Eyni zamanda, Azərbaycan da Koreyaya yarım milyard dollara yaxın investisiya qoyub. Bu da ölkələrimiz arasındakı iqtisadi əlaqələrin yüksək olduğunun göstəricisidir.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Ziyafət Əsgərov bildirib ki, artıq 20 ildən çoxdur ki, Azərbaycanın 20 faiz torpağı Ermənistan tərəfindən işğal altında saxlanılır. Ölkəmizdə 1 milyondan çox qaçqın və məcburi köçkün var. Münaqişənin həlli istiqamətində BMT-nin qəbul etdiyi 4 qətnaməyə məhəl qoymayan erməni işğalçıları beynəlxalq hüququn prinsiplərinə zidd hərəkətlər nümayiş etdirirlər. Ziyafət Əsgərov dünya ictimaiyyəti tərəfindən bu münaqişənin ədalətli həlli üçün kifayət qədər səylər göstərilmədiyini təəssüf hissi ilə qonaqların diqqətinə çatdırıb. Sədr müavini ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi Xocalı soyqırımı haqqında da məlumat verib.
Görüş üçün təşəkkürünü bildirən Kanq Çanq Hi Azərbaycanla Koreya arasındakı münasibətlərin qədim tarixi köklərə söykəndiyini bildirib. Azərbaycanın sürətli inkişafından məmnunluğunu qeyd edən qonaq Bakıda keçiriləcək birinci Avropa Oyunlarına ev sahibliyi edəcəyinə görə Azərbaycan xalqını təbrik edib və bu oyunların yüksək səviyyədə keçiriləcəyinə əmin olduğunu diqqətə çatdırdı. Koreya şirkətlərinin tikinti sahəsi ilə yanaşı, neft-qaz sahəsinə də maraq göstərdiyini deyən Kanq Çanq Hi onların bu istəklərinin Azərbaycan tərəfindən dəstəklənməsini xahiş edib. Kanq Çanq Hi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində, ədalətli şəkildə həll olunacağına inandığını qeyd edib. Qonaq Azərbaycanın bu məsələdə Koreyadan gözlədiyi dəstəyi Koreya hökumətinə çatdıracağını da qeyd edib.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə