Millət vəkili: “Təəssüf ki, son nəticə yoxdur”

"Azərbaycan görüş naminə görüşün keçirilməsinin əleyhinədir"
Millət vəkili: “Təəssüf ki, son nəticə yoxdur”

ATƏT-in Minsk qrupu həmsədrlərinin prezidentlər arasında görüş keçirmək və öz fəaliyyətlərini ciddi planlaşdırmaq istəyi diplomatik uğur hesab edilə bilər. Ancaq, ümumən qiymət hər hansı bir mərhələyə deyil, son nəticəyə verilir. Təəssüf ki, son nəticə yoxdur". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib.

Millət vəkili qeyd edib ki, Dağlıq Qarabağ məsələsi çoxdan iki dövlət arasındakı münasibətlərdən çıxaraq, dünyanın çox aktual və ağrılı problemlərindən birinə çevrilib: "ATƏT-in Minsk qrupunun yaradılması və dünyanın bu məsələni həll etməyə böyük marağını göstərir. Dağlıq Qarabağ problemi regionun stabilliyinə böyük bir təhdiddir. Eyni zamanda böyük ipək yolunun reallaşmasına ciddi maneədir. Bu baxımdan ATƏT-in Minsk qrupu həmsədrlərinin vaxtaşırı prezidentlərin görüşünü təşkil etmək istəyi təqdirəlayiqdir. Azərbaycan tərəfindən bunda heç bir problem ola bilməz. Amma, söhbət ondan gedir ki, Azərbaycan görüş naminə görüşün keçirilməsinin əleyhinədir. Ermənistan tərəfi görüşlərdə iştirak etsə də əldə edilən razılaşmaları sonradan pozmağa cəhd edir, qeyri-konstruktivlik nümayiş etdirir, beynəlxalq hüquq normalarını tanımaqdan imtina edir, Azərbaycanın ərazi bütövlüyünü indiyə qədər qəbul etmir. Bu baxımdan ancaq ciddi hazırlıqdan sonra prezidentlərin görüşünün keçirilməsindən danışmaq olar.

A.Mirzəzadənin sözlərinə görə, dünyanın artıq bu məsələdə beynəlxalq hüquq normasından çıxış etməsi aktuallaşıb: "Yəni, bir ölkənin digər ölkənin ərazi bütövlüyünü tanımaması, torpağının bir hissəsini işğalda saxlaması, həmin ölkəyə, beynəlxalq təşkilatlar, böyük dövlətlər tərəfindən ciddi təhdidlərin edilməsi üçün böyük bir əsasdır. Ancaq, Ermənistan beynəlxalq təşkilatların üzvüdür, böyük dövlətlərdən, ilk növbədə ABŞ-dan hər il böyük maliyyə yardımları alır. Bu baxımdan biz bu məsələdə böyük dövlətlərin məhz bir standartdan çıxış etməsini vacib sayırıq".

Millət vəkili vurğulayıb ki, bu gün Dağlıq Qarabağ münaqişənin mövcudluğu Azərbaycandan daha çox Ermənistan üçün böyük bir problemə çevrilib: "Ona görə də Ermənistan inkişafdan qalır, əhalisi ölkəni tərk edir, regional inkişaf proqramından kənarda qalır. Bu gün Ermənistan böyük bir sosial uçurum qarşısındadır".

Bütün xəbərlər Facebook səhifəmizdə