"Sağlam gənclik, sağlam gələcək" adlı Forum keçirilib YENİLƏNİB - VİDEO
Bu gün "Sağlam Ailə" tibb mərkəzi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və AVROMED Şirkətinin təşkilatçılığı ilə "Sağlam gənclik, sağlam gələcək" Forumu həyata keçirilib. SİA-nın məlumatına görə, Forum Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ginekologiya və Perinatologiyanın İnkişafına Dəstək Assosiasiyası, İUSTİ beynəlxalq təşkilatının dəstəyi ilə təşkil olunub. Tədbirdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Azərbaycan gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədri Şahin Seyidzadə, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və digərləri iştirak edib.
Tədbirdə ümumilikdə mövzu ilə əlaqədar dövlət rəsmiləri, özəl qurumlar, gənclər təşkilatlarının nümayəndələri, yerli və xarici ekspertlərdən ibarət 500 nəfər iştirak edib. Mərasimə Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə start verilib.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev tədbiri giriş nitqi ilə açaraq deyib ki, ümumilikdə bu cür forumun keçirilməsi böyük önəm daşıyır: "Gənclərimizin sağlamlığı, müxtəlif neqativ hallarda profilaktikasını təmin etmək bütün cəmiyyətin əsas vəzifələrindən biridir. Düşünürəm ki, bu forum çərçivəsində gənclərin müxtəlif narkomaniya, QİÇS və digər neqativ hallarda profilaktikasının yolları kimi məsələlər müzakirə olunacaq".
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev deyib ki, bu gün ölkəmizdə uğurlu gənclər siyasəti həyata keçirilir: "Cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin hər bir yerində müasir tibb mərkəzləri tikilib istifadəyə verilir. Eləcə də tibb aksiyalarına yaxından dəstək verilir. Bu gün ölkəmizdə aparılan sağlamlıqla bağlı tədbirlərin əsas təşkilatçıları məhz gənclər təşkilatlarıdır. Biz sağlamlıqla bağlı məsələlərdə heç vaxt dayana bilmərik. Gənclərin pis vərdişlərdən yayındırılması və erkən nikahların qarşısının alması istiqamətində çox ciddi iş aparmalıyıq. Hesab edirəm ki, bu işdə hər birimiz fəal olmalıyıq".
Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev AGF-nin 2011-ci ildə cənab İlham Əliyevin sərəncamı ilə yaradıldığını diqqətə çatdırıb: "İlk növbədə deyərdim ki, hər şeyin önündə insanın sağlamlığı dayanır. Azərbaycan artıq dünyada idman ölkəsi kimi tanınır. Azərbaycanın bütün regionlarda fəaliyyət göstərən Olimpiya idman komplekslərinin inkişası bir növ bunu deməyə əsas verir. Burada təşkilatçıların da rolu böyükdür".
Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin (AQUPDK) sədr müavini Aynur Sofiyeva diqqətə çatdırıb ki, cəmiyyətin inkişafından irəli gələn məsələlərdən biri də gənclərin sağlamlığı ilə bağlı məsələlərdir: "Müəyyən maddələrin yayılma risqi və bütün bunların cəmiyyətə vurduğu ziyanı görürük. Buna görə də gənclərin sağlamlığı üçün belə məsələlərlə mübarizə aparmalıyıq. Sağlam nəslin formalaşması bizim gələcəyimizin uğuru deməkdir".
Milli Məclisin deputatı Məlahət İbrahimqızının müavini Zəfər Qubadov YAP Nəsimi rayon təşkilatı və M. İbrahimqızının adından hər kəsi salamlayıb: "Hesab edirəm ki, burada qəbul olunacaq qərarlar gənclərin sağlam mühitdə formalaşmasında mühüm rola malik olacaq. Çünki, ölkəmiz üçün bu, çox vacib amildir".
ARGTMŞ-nın sədri Şahin Seyidzadə isə çıxış edərək Forumun əhəmiyyətindən danışıb. Vurğulanıb ki, bu kimi tədbirlər gənc nəslin intellektual səviyyəsinin formalaşmasında və onların sağlam ruhda böyümələrinə böyük təkan olacaq".
Rəsmi hissədə sözügedən mövzuda Azərbaycanda görülən işlər və perspektivlər mövzusunda dövlət rəsmilərinin çıxışları dinlənilib. Akademik hissədə isə dünyanın 8 ölkəsindən (Almaniya, Avstriya, Azərbaycan, Rusiya, İngiltərə, Xorvatiya, Estoniya və Ukrayna) dəvət olunmuş tibb mütəxəssisləri, professorların cinsi və reproduktiv sağlamlığa dair elmin son nailiyyətləri, sağlam həyat tərzinin təbliği, gənclər arasında tibbi maarifləndirmənin aparılması mövzularında çıxışlarına yer verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB