Nizami Gəncəvi Mərkəzi İdarə Heyətinin növbəti toplantısı keçirilib

Nizami Gəncəvi Mərkəzi İdarə Heyətinin növbəti toplantısı keçirilib

İtaliyanın Florensiya şəhərində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin VIII toplantısı keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən xəbərə görə, toplantıda Mərkəzin həmsədrləri Latviyanın sabiq Prezidenti Vayra Vike-Frayberqa və İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin, o cümlədən Finlandiyanın sabiq dövlət başçısı Tarya Halonen və Serbiyanın eks-prezidenti Boris Tadiç iştirak edib.

İclasda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin hesabatı dinlənilib, təşkilatın 2015-ci il üçün nəzərdə tutulan büdcəsi, N.Gəncəvi irsinin araşdırılması, "Xəmsə"nin xarici dillərdə nəşri məsələləri, 2015-ci ilin aprel ayında keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumu müzakirə edilib.

Qeyd edək ki, 2012-ci ildə təsis olunmuş Mərkəzin əsas məqsədi Azərbaycan elm və mədəniyyətinin görkəmli nümayəndəsi, dahi şair, mütəfəkkir Nizami Gəncəvi irsinin araşdırılması və onun dünyada təbliğ olunmasıdır. Bu və digər istiqamətlərdə bir sıra təşkilatlarla əməkdaşlıq edən Mərkəzin ən böyük layihəsi Qlobal Müştərək Cəmiyyətlər Forumudur. 2013-cü ildən keçirilən Qlobal Müştərək Cəmiyyətlər Forumu Madrid Klubu ilə əməkdaşlıq çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə