Azərbaycanın diaspor rəhbərləri Türkiyədə bir araya gəldilər

Azərbaycanın diaspor rəhbərləri Türkiyədə bir araya gəldilər

Türkiyə Cümhuriyyətinin 91-ci ildönümü ilə əlaqədar bu ölkənin Danimarkadakı səfirliyi tərəfindən verilən ziyafətə Azərbaycan diasporunun rəhbərləri də dəvət olunub. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən xəbərə görə, Danimarkadakı bir sıra ölkələrin diplomatik nümayəndəliklərinin təmsilçiləri, müxtəlif xalqların diaspor rəhbərləri, türk iş adamları və digər qonaqların qatıldığı tədbirdə Azərbaycanı "Vətən" Cəmiyyətinin sədri Səfər Sadiqi və təşkilatın İdarə Heyətinin üzvü Fərqanə İsmayılova təmsil edib. Azərbaycan diasporunun rəhbərləri Türkiyə Respublikasının Danimarkadakı Fövqəladə və Səlahiyyətli səfiri Mehmet Dönmezi və onun timsalında Türkiyə xalqını Cümhuriyyət günü münasibətilə təbrik edib, səmimi arzularını çatdırıblar. Səfirlə söhbət zamanı Azərbaycan və Türkiyə diasporunun birgə layihələri, xüsusilə də 2015-ci ildə ermənilərin 100 illiyini qeyd etməyə hazırlaşdığı qondarma soyqırıma qarşı tədbirlər planı müzakirə edilib. "Vətən" Cəmiyyətinin sədri Səfər Sadiqi səfir Mehmet Dönmezi Azərbaycan diasporunun nümayəndələri ilə görüşmək üçün Kopenhagendəki Azərbaycan Evinə dəvət edib. Azərbaycan diaspor rəhbəri S. Sadiqi ziyafətdə iştirak edən qonaqlarla ayrı-ayrılıqda söhbət edərək onlara Azərbaycan, onun regionda güclü hərbi və iqtisadi potensiala malik olması, həmçinin, Ermənistanın təcavüzü, Qarabağın işğalı, Azərbaycanın münaqişəni sülh yolu həll etmək niyyəti haqqında məlumat verib. Ziyafətdə iştirak edən türkdilli xalqların Danimarkadakı cəmiyyətlərinin rəhbərləri diaspor fəaliyyətində əməkdaşlıq, əlaqələrin daha da gücləndirilməsi, birgə layihələrin həyata keçirilməsi məsələlərini müzakirə ediblər. "Vətən" Cəmiyyətinin İdarə Heyətinin üzvü Fərqanə İsmayılova isə tədbirdə iştirak edən türkdilli ölkələrin xanım təmsilçilərini Kopenhagen Azərbaycan Evinə dəvət edib. Türkdilli qadınlar Azərbaycan həqiqətlərini Danimarka ictimaiyyətinə çatdırmaq məqsədilə birgə layihələr həyata keçirmək barədə təkliflər verərək yaxın vaxtlarda onları reallaşdırmağı qərara alıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə