Elman Türkoğlu KXCP-dəki istefasından DANIŞDI

“Bir açıqlama verən kimi, qaçırlar Mirmahmud ağanın yanına ki…”

"Bəli, mən KXCP-dən istefa vermişəm. İstefamın səbəbi isə bəzi zibillərin cavabını heç bir partiyada təmsil olunmayaraq vermək istəyidir". Bu fikirləri SİA-ya KXCP təmsilçisi, baş bayraqdar kimi tanınan Elman Türkoğlu adıçəkilən siyasi təşkilatdan istefa verməsinin səbəblərini açıqlayarkən deyib. Türkoğlu qeyd edib ki, onun KXCP üzvü olarkən, AXCP sədri Əli Kərimli və ətrafı haqqında tənqidi fikir səsləndirməsi təmsil olunduğu partiyaya zərər verə bilər: "Belə ki, onun AXCP sədri haqqında irəli sürdüyü fikirlər mətbuatda dərc edilən kimi, Əli Kərimlinin adamları Mirmahmud Mirəlioğlunun üstünə şikayətə qaçırdılar. AXCP sədrinin fitnəkarlığını, xəyanətkar fəaliyyətini, onun daha öncələr müxalifətin başına gətirdiklərini, parçalanma səbəblərini sadalayarkən, o öz adamlarını Mirmahmud ağanın üstünə göndərir, mənim susmağımı tələb edirdilər. Ona görə də məcbur oldum ki, istefaya gedib, irəli sürdüyüm ittihamları təkbaşına səsləndirim".

Elman Türkoğlu həmçinin bildirib ki, KXCP rəhbərliyi onun istefasını qəbul etmək istəmirdi: "İstəmirdilər istefa verim. Sadəcə dedim ki, istəsəniz də, istəməsəniz də istefamı verib Əli Kərimlinin fitnəsinə qarşı mübarizəmi davam etdirəcəm. İstəmirəm ki, bu mübarizəmdə Mirmahmud ağaya, ümumiyyətlə, KXCP-yə hər hansı fəsad yaransın".

Baş bayraqdar əlində çox önəmli faktların olduğunu da deyib: "KXCP-də təmsil olunarkən, üzə çıxarmadığım faktların hər birini deyə bilmirdim. Müəyyən sədd var idi. Ancaq bundan sonra elə faktları açıqlayacağam ki, Əli Kərimli özünü təmizə çıxarmağa macal tapa bilməyəcək. Bundan sonra o, qarşısında yalnız məni görəcək".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə