Təhmasib Novruzov: “Rauf Mirqədirovun vəkilləri də erməni lobbisinə xidmət edir” MÜNASİBƏT
"Azərbaycanın xüsusi xidmət orqanlarının adının bu kimi məsələlərdə siyasiləşdirilməsinin qəti əleyhinəyəm. Çünki burada ancaq siyasi məqsəd güdülür. Bu baxımdan, Rauf Mirqədirovun vəkilləri də təbii ki, onun özü kimi düşünən adamlardandırlar". Bu fikirləri SİA-ya açıqlamasında Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzov casusluqda ittiham olunan "Ayna" və "Zerkalo" qəzetlərinin əməkdaşı Rauf Mirqədirovun vəkillərinin Milli Təhlükəsizlik Nazirliyinin adıçəkilən şəxslə bağlı ictimailəşdirdiyi faktlara qarşı qeyri-obyektiv bəyanat səsləndirmələrinə və nazirliyin erməni xüsusi xidmət orqanları ilə birgə Mirqədirovu komrometasiya (gözdən salma) etməsi iddialarına münasibətini bildirərkən deyib.
Təhmasib Novruzovun fikrincə, hüquq müdafiəsi adı altında məsələni siyasiləşdirməkdə məqsəd Rauf Mirqədirovun əməllərini casusluqdan siyasi yönə daşımaqdan ibarətdir: "Təbii ki, belə cəhd Azərbaycanın milli dövlətçiliyinə qarşı atılmış addım kimi qiymətləndirilməlidir. Düşünürəm ki, Rauf Mirqədirovun vəkilləri bu kimi şər-böhtanlı addım atmamalı idi. Çünki bu gün hər kəsə bəllidir ki, Azərbaycanın milli təhlükəsizlik orqanlarının bünövrəsini məhz Ulu Öndər Heydər Əliyev qoyub və bu sistemin bünövrəsi elə böyük məharətlə qoyulub ki, bu gün ölkəmizin, dövlətçiliyimizin qorunmasında həmin sistem sözün həqiqi mənasında fövqəladə işlər həyata keçirir. Baxın, bu gün yaxın-uzaq bir çox ölkələrdə demək olar ki, hər gün terror hadisələri, qanlı toqquşmalar baş verdiyi halda, Rusiya kimi bir dövlətdə terror baş verdiyi bir halda, Gürcüstanda, Türkiyədə, İranda, Əfqanıstanda, İraqda, Suriyada hansı ki, bu ölkələr də od-alov işindədir, bizim ölkədə güclü sabitlik və rifah mövcuddur. Yəni bu, elə-belə başa gəlmir. Təbii ki, bütün bunlar Azərbaycanın xüsusi-xidmət orqanlarının çox böyük fədakarlığının nəticəsidir. Bu baxımdan, Rauf Mirqədirovun vəkilləri də məhz erməni lobbisinə, erməni xislətinə xidmət edən tərəflərdir. Beləliklə, onun vəkillərinin də bəyanatından hiss olunur ki, onlar bu tapşırığı məhz xaricdəki ermənipərəst qurumlardan alıblar".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB