Zahid Oruc: “Belə xəbərləri Azərbaycanın gündəmində saxlamağa çalışırlar” AÇIQLAMA

Zahid Oruc: “Belə xəbərləri Azərbaycanın gündəmində saxlamağa çalışırlar” AÇIQLAMA

"Bəzi siyasi şərhçilərin Azərbaycanın Şanxay Sammitinə qatılmasını Ukrayna məsələsindəki mövqeyinə görə, Rusiyanın könlünü almağa hesablanmış addım kimi qiymətləndirməsi düzgün deyil". Bunu SİA-ya millət vəkili Zahid Oruc deyib.

Parlament üzvünün sözlərinə görə, hələ xeyli müddət bundan öncə ABŞ prezidenti Barak Obama Asiya qitəsinə səfər etmişdi: "Bu zaman hesab edirəm ki, həmin arqumentləri də elə ABŞ rəhbərliyinə yönəltmək gərəkdir. Hətta bir qədər də irəliyə getsək, Avropa dövlətlərinin bir çoxlarının rəhbərləri Çində, Vyetnamda, o cümlədən Cənubi Koreyada, İndoneziyada, Malayziyada səfərdə olurlar. Təbii ki, bu, məsələyə çərçivəli prizmadan yanaşmanın nəticəsidir. Bu gün Azərbaycanın informasiya məkanını guya Qərbyönümlü mövqelərlə doldurmağa çalışan müxtəlif casus şəbəkələri bu kimi xəbərləri bizim gündəmimizdə saxlamağa çalışırlar ki, bununla da ölkəmizin mövqelərini vursunlar. Məsələ ondadır ki, dövlət olmaq öz-özlüyündə istənilən qitə ilə normal əlaqələri tələb edir. Hər bir ölkə çalışır ki, özünə daha çox dost qazansın və bərabərhüquqlu, bərabər iqtisadi imkanlara dayanan əməkdaşlıqlara getsin. Bu mənada Çin kimi dünya miqyasında qlobal güc mərkəzi ilə yaxından təmaslar hamının əsas məqsədləri (o cümlədən Vyetnam və Cənubi Koreyanın) sırasındadır.

Digər tərəfdən Şanxay Sammiti öz-özlüyündə mühüm beynəlxalq Forumdur. Bu, Rusiya ilə Ukrayna arasındakı məlum məsələdən çox-çox əvvəl yaranıb. Rusiyanın, o cümlədən Çinin də müxtəlif xarici siyasət hədəfləri var. Amma Azərbaycan öz xarici siyasət doktirinasını cari maraqlar əsasında qurmur. Azərbaycanın bir dövlət kimi ən mühüm keyfiyyəti stabil bir kursa sahib olması və etibarı ilə tanınmasıdır. Məgər biz nefti və qazı Çindən ixrac edirik? Axı nə vaxtdan bizim əsas resurslarımız təkcə Rusiyaya gedib? İndiyədək biz xarici siyasət hədəflərimizdən nə vaxt imtina etmişik? İndi vətəndaşlarımız soruşurlar ki, bəs Avropa bizə nə verib? Qərb bu illər ərzində Azərbaycandan aldıqları fonunda bizə hansı mühüm iqtisadi, siyasi nailiyyətdə yardımçı olub?... Hesab edirəm ki, bütün bu məsələlər aktualdır".

Bütün xəbərlər Facebook səhifəmizdə