Millət vəkili: “Metsamor AES region üçün təhlükə mənbəyidir”

Millət vəkili: “Metsamor AES region üçün təhlükə mənbəyidir”

"Hollandiyanın Haaqa şəhərində III nüvə təhlükəsizliyi sammitinin keçirilməsi, aparılan müzakirələr olduqca əhəmiyyətlidir. Sammitdə Azərbaycan Prezidenti İlham Əliyevin nitqi həm region, həm də dünya siyasəti və təhlükəsizliyinə baxış mövqeyindən diqqətçəkən idi". Bu fikirləri SİA-ya millət vəkili, professor Musa Qasımlı Hollandiyanın Haaqa şəhərində keçirilən III nüvə təhlükəsizliyi sammitinin əhəmiyyətindən danışarkən deyib.

Millət vəkili bildirib ki, sammitdə ölkə başçısı nüvə təhlükəsizliyinin təmin edilməsinin vacibliyini önə çəkdi: "Bu baxımdan Prezident İlham Əliyev Ermənistandakı Metsamor atom elektrik stansiyasının mövcudluğuna diqqəti yönəltdi. Köhnəlmiş stansiyanın mövcudluğu region ölkələri üçün təhlükə mənbəyidir. Çünki bu AES artıq texnoloji baxımdan köhnəlib və ömrünü başa vurub".

M. Qasımlı qeyd edib ki, hər hansı bir nasazlıq olsa, Metsamor AES region üçün böyük fəlakətə səbəb ola bilər: "Ermənistan aktiv seysmik zonada yerləşir. Əgər hər hansı bir zəlzələ baş verərsə, AES-də partlayışlar ola bilər. Digər bir məsələ isə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində radioaktiv maddələrin basdırılması ehtimalının yüksək olmasıdır. Bunu Qara dəniz regionunda baş verən proseslər də aydın göstərdi".

Millət vəkili əlavə edib ki, Metsamor AES eyni zamanda ekoloji təhlükə mənbəyidir: "Çünki ermənilər Araz çayına radioaktiv çirkab maddələrini atırlar. Bu da region və dünya üçün böyük təhlükədir. Hesab edirəm ki, sammitdə Azərbaycan Prezidenti İlham Əliyevin həllinin vacib hesab etdiyi məsələlər dünyanın qabaqcıl ölkələrinin diqqətindən qaçmamalıdır. Onlar irəli sürülən təkliflərə diqqətlə yanaşmalıdırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə