Beynəlxalq təşkilatlarda işləyən Azərbaycanlıların I toplantısı öz işinə başlayıb YENİLƏNİB
Bakıda beynəlxalq təşkilatlarda işləyən azərbaycanlıların I toplantısı öz işinə başlayıb. SİA-nın məlumatına görə, tədbirdə BMT sisteminə daxil olan təşkilatlarda (BMTİP, BMTƏP, UNİCEF), Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası, Beynəlxalq Miqrasiya Təşkilatı və digər təşkilatların müxtəlif ölkələrdə yerləşən ofislərində işləyən 50-yə yaxın Azərbaycan vətəndaşı iştirak edir.
Tədbirin məqsədi beynəlxalq səviyyədə iş təcrübəsinə malik olan Azərbaycan vətəndaşlarının ölkə inkişafı prosesində daha da fəal iştirakını təmin etmək məqsədi ilə onları birləşdirəcək vahid mərkəzin yaradılması və sistemli yanaşmanın formalaşdırılmasından ibarətdir.
Beynəlxalq təşkilatlarda çalışan Azərbaycan vətəndaşları haqqında müfəssəl məlumatların toplanması yolu ilə onlar haqqında vahid məlumat bazasının yaradılması, vətəndaşların bu qrupu arasında daimi əlaqələndirmə mexanizminin hazırlanması və tətbiq olunması, təşkilat üzvlərinin iş təcrübəsindən asılı olaraq onların mütəmadi qaydada ölkədə keçirilən proqram və layihələrin icrasına cəlb olunması, Azərbaycan hökuməti ilə əlaqəli şəkildə fəaliyyət göstərməsi müzakirə olunan məsələlər arasında yer alır.
Toplantıda "Beynəlxalq təşkilatlarda fəaliyyət göstərən Azərbaycanlı kadrlarla bağlı mövcüd vəziyyət və gələcək perspektivləri" mövzusuna həsr olunan plenar iclasda Azərbaycan Respublikası Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov çıxış edib.
Novruz Məmmədov çıxışında beynəlxalq münasibətlər sistemində beynəlxalq təşkilatların rolundan, beynəlxalq aləmdə baş verən geosiyasi proseslərdən, Azərbaycanın müstəqil dövlət kimi bu sistemdəki yerindən, eləcə də qısa müddət ərzində müstəqil dövlət kimi əldə etdiyi uğurlardan bəhs edib.
N. Məmmədov eyni zamanda tədbirin əhəmiyyətini vurğulayaraq, belə təşkilatlanmanın zərurətini ifadə etməklə, Azərbaycan dövlətinin və Dövlət başçısının bu cür təşəbbüslərə hər zaman dəstək verdiyini qeyd edib: "Azərbaycan artıq 23 ildir ki, müstəqil bir dövlət kimi öz inkişafını davam etdirir. Ölkəmiz inkişaf səviyyəsində bir sıra mötəbər qurumların göstəricilərinə görə çox yüksək səviyyədədir. Bu inkişafın göstəricilərindən biri də onun beynəlxalq təşkilatlarda nümayəndələri ilə əlaqələrinin yaradılmasıdır. Azərbaycanın beynəlxalq və regional təşkilatlarda 100-ə yaxın nümayəndəsi fəaliyyət göstərir. Onların hər birinin doğma vətəni Azərbaycandır. Bu baxımdan biz qərara gəldik ki, beynəlxalq və regional təşkilatlarda çalışan azərbaycanlıları bir araya gətirək və onlarla görüş keçirək. Beləcə onlar Azərbaycanın inkişafı ilə tanış olsunlar".
PA rəhbərinin müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq deyib ki, Azərbaycan işğalçılıq siyasətini davam etdirən Ermənistan istisna olmaqla, bütün qonşuları ilə qarşılıqlı faydalı münasibətlər qurub: "Azərbaycanın, eləcə də regionun inkişafının qarşısındakı əsas maneə Dağlıq Qarabağ münaqişəsidir. Münaqişənin həllinin hüquqi əsasları BMT-nin Nizamnaməsi, Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi qətnamə, habelə ATƏT, NATO, Avropa Şurası və digər beynəlxalq təşkilatların qərar və qətnamələrində öz əksini tapıb. Bütün bu sənədlər Azərbaycanın suverenliyi, ərazi bütövlüyünü dəstəkləyir. Lakin təəssüf ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri, eləcə də beynəlxalq təşkilatlar münaqişənin ədalətli həlli üçün konkret addımlar ata bilmir və münaqişə hələ də həll olunmamış qalır".
Plenar iclasda Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov çıxış edərək deyib ki, beynəlxalq təşkilatlarda çalışan Azərbaycan vətəndaşlarının sayının artırılmasına ehtiyac duyulur: "Birincisi, beynəlxalq təşkilatlarda çalışan Azərbaycan vətəndaşlarının bir- birilə əlaqə saxlaması və bunun üçün çevik şəbəkənin yaradılması zəruri olardı. Məlumat mübadiləsi və əlaqələndirmə birinci məqsəd ola bilər. Bunun davamı kimi isə Azərbaycanın marağına uyğun regional və transregional layihə təşəbbüslərini irəli sürmək və Azərbaycanda reallaşdırılmasına imkan yaratmaq lazımdır. Üçüncü məqsəd və yaxud təklif Azərbaycan vətəndaşlarının beynəlxalq təşkilatlarda sayının artırılması üçün orda çalışan vətəndaşlarımızın bir- birinə yardım etməsi, təcrübələri bölüşmək, vakansiyalara təqdim etmək üçün hansı vasitələrin effektiv olmasıdır. Bu Azərbaycana ona görə lazımdır ki, Azərbaycan ölkə, dövlət, millət olaraq güclənir, inkişaf edir, öz təsirlərini regiondan kənar yerinə yetirir, beynəlxalq nüfuzu artır"- deyə, A. Əzimov sözlərinə əlavə edib.
Nazir müavini Azərbaycana qarşı müəyyən qüvvələrin və xüsusilə erməni təbliğatının bunlardan birinin olduğunu deyib: "Azərbaycan buna qarşı güclü təzyiq göstərir və bütün imkanlardan istifadə edib öz mövqeyini düzgün çatdırır".
A. Əzimov Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq deyib ki, Azərbaycanın münaqişəyə dair mövqeyi beynəlxalq prinsiplərdən irəli gəlir və əksər ölkələr, təşkilatlar tərəfindən dəstəklənir: "Azərbaycanın öz mövqeyi beynəlxalq hüquqdan irəli gəlir və ərazi bütövlüyündən heç vaxt geri çəkilməz. İkincisi, Azərbaycanda öz yerlərini məcburi dəyişən qaçqın və məcburi köçkünlər var və onlar unudulmamalıdır. Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemləri həll olunur, amma onların yeni yaşayış yerlərinə köçürülməsi müvəqqətidir və buna məsələnin həlli kimi baxılmamalıdır. Çünki onların probleminin həlli yalnız öz torpaqlarına qayıtmaları ilə olacaq. Azərbaycanın işğal olunmuş ərazilərindən olan insanların öz doğma torpaqlarına qayıtması ilə bağlı Böyük qayıdış layihəsi beynəlxalq təşkilatlarda təbliğ edilməlidir".
Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov isə vurğulayıb ki, Azərbaycan nəinki regionda, dünya siyasətində öz yerini tutub, bu qədər qlobal sarsıntılar dövründə çox stabil, dinamik, düşünülmüş siyasəti onu möhkəm tərəfdaş kimi mühüm yerə çatdırıb: "Bu sahədə xarici ölkələrdə yaşayan, beynəlxalq təşkilatlarda çalışan azərbaycanlılara çox böyük ehtiyac var. İşimizin kontekstində sizin fəaliyyətinizə, diaspor təşkilatlarına olan yardımınıza, diaspor təşkilatlarının daha yüksək səviyyəyə çatmasında biliyinizə, qazandığınız təcrübəyə böyük ehtiyac var. Dünyanın 70-dən artıq ölkəsində azərbaycanlılar təşkilatlanıb fəaliyyət göstərirlər, Azərbaycan həqiqətlərini dünyaya, yaşadıqları ölkələrin cəmiyyətinə çatdırmaq üçün geniş istiqamətli iş görürlər".
Komitə sədri qeyd edib ki, beynəlxalq təşkilatlarda azərbaycanlıların varlığı Azərbaycanı təbliğ etmək, ölkə həqiqətlərini müəyyən mənada beynəlxalq ictimaiyyətə çatdırmaq deməkdir: "Hesab edirəm ki, siz gələcəkdə həmin təşkilatlarda azərbaycanlıların sayının artmasında yardımçı ola bilərsiniz. Dünyanın bir çox ölkələrində həmin ölkələrin siyasətinə təsir edə bilən, ümumiyyətlə dünya siyasətinin formalaşmasında iştirak edən transmilli şirkətlərdə azərbaycanlılar mühüm yer tuturlar".
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov isə diqqətə çatdırıb ki, Azərbaycanın ən ağrılı problemi Dağlıq Qarabağ problemidir: "Məhz 2001-ci ildən Azərbaycanın Avropa Şurasında başladığı fəaliyyət 2005-ci ildə Avropa Şurasında Dağlıq Qarabağ problemi ilə bağlı 1416 nömrəli məşhur qətnamənin qəbulu ilə nəticələnib. Bu gün Azərbaycan inkişaf edir və onun mövqeyi ilə hesablaşmamaq mümkün deyil. Amma bu, üstünlüklərlə yanaşı, problemlərə də yol açır. Azərbaycanın gücü, nüfuzu artdıqca, ona qarşı təzyiqlər də artır. 2010-cu ildən başlayaraq xüsusilə Avropa Şurasında Azərbaycana qarşı ədalətsiz mövqe nümayiş olunur. Bu, Azərbaycanda siyasi məhbuslarla bağlı olan məlum məruzələrdir. Amma vacibi odur ki, məhz Avropa Şurası özü 2013-cü ildə həmin qətnaməni rədd edib".
Plenar iclasda həmçinin TürkPA-nın keçmiş baş katibi Ramil Həsənov və BMT-nin Azərbaycan ofisinin Proqramlar rəhbəri Məzahir Əfəndiyev çıxış ediblər.
Daha sonra Beynəlxalq və regional təşkilatların Azərbaycanda fəaliyyət göstərən mərkəzləri barədə təqdimatlar olub. Dövlət Gömrük komitəsinin sədr müavini Şahin Bağırov "Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakıdakı potensialın Gücləndirilməsi üzrə Regional Ofisinin fəaliyyəti", əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli isə "İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin yaradılması" mövzusunda çıxış ediblər.
Qeyd edək ki, toplantıya sabah yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB