Qənirə Paşayeva mükafata layiq görülüb

Qənirə Paşayeva mükafata layiq görülüb

Millət vəkili Qənirə Paşayeva Türkiyədə "Angiad Kadın Platformu" tərəfindən mükafata layiq görülüb. SİA-nın məlumatına görə, siyasətdə, sivil toplumda, iş dünyasında aktiv və güclü qadınları mükafatlandıran "4-cü Angiad Kadın Platformu"nun tədbirində Türkiyə, Türk dünyası və müsəlman ölkələrindən bir sıra ictimai-siyasi xadimlər, iş qadınları, qeyri-hökumət və KİV nümayəndələri, iş qadınları iştirak edib.

Qadınların siyasi, sosial və iqtisadi statusunun güclənməsinin, demokratik inkişafının və toplumsal rifah səviyyəsinin göstəricilərindən olduğunu vurğulayan Angiad yönetim qurulu başqanı Fatma Semiz dünyanın ən böyük iqtisadiyyatları arasında yer almağı hədəfləyən Türkiyədə toplumsal cinsi bərabərliyin önəminə diqqət çəkib.

Semiz dünyada qadınların hər sahədə iştiraklarının son on ildə önəmli şəkildə artdığını deyərək, amma bunun yetərli olmadığını, hər sahədə qadın və kişilərə bərabər imkanların yaradılmasının vacibliyinə diqqət çəkib.

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstutu İB-nin sədri Qənirə Paşayeva mərasimdə çıxışı zamanı deyib ki, bu ödülü "Gözəl ölkəm Azərbaycan, gözəl xalqım, şəhidlərimiz və ölkəmizin inkişafı üçün çalışan bütün qadınlarımız adına alıram". Mərasimdə çıxış edən millət vəkili bu ödülün onun üçün çox böyük dəyər daşıdığını söyləyib və təşkilatçılara təşəkkür edib. Çıxışına "Gözəl Azərbaycan və Azərbaycan xalqının dünyanın bir çox yerlərindən bu mərasimə qatılmış bütün bacı-qardaşlarımıza salam və sevgilərini çatdırıram, " – deyən Q. Paşayeva bildirib ki, o bu mükafatı özünün Türk dünyası sevdası, duyğu, düşüncə və əməlləri ilə Türk gəncliyinə böyük örnək olan, yol göstərən Türk dünyasının böyük dövlət adamlarını, liderlərini, aydınlarını rəhmət və sayğı ilə anaraq, onların ruhları qarşısında baş əyərək alır: "Türk Dünyasının böyük liderlərindən olan Mustafa Kamal Atatürk "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" deyib. Azərbaycanın Ümummilli lideri Heydər Əliyev isə "Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir" deyib. Azərbaycanı Türkiyədən ayırmayaraq bu tədbirdə görmək istəyən Angiadı və onun bütün çalışanlarına təşəkkür edirəm. Mən inanıram ki, Azərbaycan və Türkiyə qadınları bundan sonra cəmiyyətin və dövlətlərimizin bütün sahələrində daha da fəal olmaqla ölkələrimizin inkişafı ilə bərabər, birliyimiz, bərabərliyimizin güclənməsi istiqamətində də daha çox işlər görəcəklər".

Millət vəkili Qənirə Paşayeva bildirib ki, qadın haqları sahəsində problemlərin tək qadınların deyil, bütün toplumun problemi olması düşüncəsi dünyanın əksər bölgələrində təəssüf ki, hələ də istənilən səviyyədə deyil: "Təcrübələr göstərir ki, hansı ölkələrdə qadınların dövlətin və cəmiyyətin idarə olunmasından başlayaraq həyatın bütün sahələrində kişilərlə bərabərliyinin təmin olunması istiqamətində ciddi işlər görülür, orada daha çox uğurlar var".

Parlament üzvü Azərbaycanda bu istiqamətdə həyata keçirilən dövlət siyasəti, əldə edilən uğurlar və öz həllini gözləyən məsələlər barədə məlumatlar verib. O deyib ki, gender bərabərliyi, qadınların dövlətin və cəmiyyətin idarə olunmasında rolunun artırılması, qadınlara qarşı bütün növ zorakılıq hallarına qarşı kəskin mübarizə aparılması dövlətin prioritetləri sırasındadır . Qızların təhsili məsələsinə xüsusi toxunan millət vəkili Qənirə Paşayeva savadlı cəmiyyət savadlı anadan keçir deyib. Millət vəkili qızların və qadınların cəmiyyətin bütün sahələrində fəallığının artırılması istiqamətdə rol modellər olaraq fəal xanımların üzərinə böyük məsuliyyət düşdüyünü deyib və onları gənc qızların cəmiyyətdə daha da fəallaşmasına dəstəklərini daha da artırmağa çağırıb. O qızları özlərinə güvənməyə və arzularının arxasınca getməyə çağırıb.

Çıxışlardan sonra AK Parti Ankara millət vəkili Tülay Selamoğlu, MHP Genel Başkan Yardımcısı, millət vəkili Zuhal Topçu, Ankara Büyükşehir Bələdiyyə Başqanı Melih Gökçekin xanımı Nevin Gökçek, Azərbaycan millət vəkili Qənirə Paşayeva, Fas Krallığı ailəsinin üzvü Lalla Omnia El Hassani Sbai, Sosyal Güvenlik Kurumu Başkanı Yadigar Gökalp İlhan, milli sporcu Gizem Girişmen, yazar Cemalnur Sargut, "AYİŞA" dərgisinin sahibi Pınar Küçükşabanoğlu, oyuncu Pelin Karahan, sunucu Saba Tümerin də olduğu bir sıra qadına ödüllər təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə