“2014-cü ildə “SƏS” Media Qrupunun moderləşməsi ilə bağlı planlarımız var”

Bəhruz Quliyev, “SƏS” Media Qrupunun rəhbəri
“2014-cü ildə “SƏS” Media Qrupunun moderləşməsi ilə bağlı planlarımız var”

SİA-nın 5 illik tarixinə nəzər salmaqdan öncə "SƏS" qəzetinin 22 illik tarixindən danışmaq lazımdır. Çünki "SƏS" qəzeti 1991-ci ildə ölkədə hökm sürən ən ağır bir şəraitdə fəaliyyətə başlayıb. Həmin dövrdə Azərbaycanda baş verən siyasi proseslər ölkəni bir növ uçuruma aparırdı. Səriştəsiz insanların rəhbərlik etdikləri AXC-Müsavat hakimiyyəti dövründə ölkədə xaos, anarxiya hökm sürürdü. Məhz belə bir dövrdə sağlam fikri, sağlam ideyanı xalqa və oxucu kütləsinə çatdırmaq çox çətin idi. Hətta deyərdim ki, bu işi görmək igidlik tələb edirdi. Ona görə də "SƏS" qəzetinin fəaliyyətə başlamasını sıradan bir hadisə hesab etmək olmaz. Nəhayət, bu çətinliklərə baxmayaraq "SƏS" qəzeti qeydiyyatdan keçdi, sağlam fikri, ölkədə baş verən hadisələri qərəzsiz, obyektiv olaraq öz oxucusuna çatdırdı. O dövrdə "SƏS" qəzeti 30-35 min tirajla nəşr olunurdu. 1992-ci ilin oktyabrın 16-da "91-lər"in Ulu Öndər Heydər Əliyevə müraciəti və oktyabrın 24-də Heydər Əliyevin cavab məktubu məhz "SƏS" qəzetində dərc olundu. Bununla da qəzet özünü Azərbaycanın mətbuat tarixinə qızıl həriflərlə həkk etdirdi və müstəqillik tariximizdə öz yerini müəyyənləşdirdi. Qeyd edək ki, həmin dövrdə heç də bütün qəzetlər Ümummilli lider Heydər Əliyevin fikirlərini, ideyalarını öz səhifələrində çap edə bilmirdi. Hətta Naxçıvanda Ulu Öndərin keçirdiyi tədbirləri, verdiyi tapşırıqları heç kim cürət edib mətbuatda işıqlandırmırdı. Məhz belə bir dövrdə bu məsuliyyəti "SƏS" qəzeti öz üzərinə götürdü. Bir sözlə "SƏS"in tarixi zəngindir.

Qəzet müstəqil Azərbaycanımızın tarixi ilə eyni dövrə təsadüf edir

"SƏS" qəzetinin yaşı müstəqil Azərbaycandan da bir neçə ay çoxdur. Azərbaycanın müstəqilliyi uğrunda daim mübarizə aparan, meydanda cəsarətlə döyüşən "SƏS" qəzeti eyni zamanda azərbaycançılıq ideyasının geniş oxucu kütləsinə çatdırılmasında təqdirəlayiq fəaliyyət göstərib. "SƏS" qəzeti Ağabəy Əsgərovun rəhbərliyi altında uzun müddət əsl mübarizə yolu keçib, böyük uğurlara imza atıb. Belə ki, Azərbaycanın daxilində və ölkədən kənarda baş verən hadisələr operativ şəkildə qəzet vasitəsilə oxucu kütləsinə çatdırılıb. Eyni zamanda "SƏS"in spesifik xüsusiyyəti ondan ibarətdir ki, qəzet müxalif qruplara, müxalifət mətbuatına və müxalifət fikirli insanlara tutarlı arqumentləri ilə layiqli cavab verib. Qəzet həmin ənənəni, kursu bu gündə də saxlayır və davam etdirir. "SƏS"in tarixi, ictimai-siyasi qəzet kimi fəaliyyətində bir spesifiklik var. Çünki "SƏS" qəzeti həm də siyasi mübarizə aparan, əqidəli və mövqeli qəzetdir.

Ümummilli lider Heydər Əliyev "SƏS" qəzetinə "Mənim əziz qəzetim" və "SƏS mənim üçün ən əziz qəzetdir" deməklə bunu öz imzası ilə tarixə yazıb. Qəzetdə müxtəlif vaxtlarda həm dəyirmi masalar, həm də regionların sosial-iqtisadi inkişafı ilə bağlı keçirilən tədbirlər işıqlandırılıb. Bir sözlə "SƏS" qəzetinin redaksiyasında ölkəmizdə baş verən ən aktual məsələlər müzakirə olunub, qəzetin səhifələrində dərc edilib. Məhz buna görə də qəzetimiz ölkədə çap olunan digər qəzetlərdən fərqlidir. Qəzetimizin öz ənənəsi, öz yolu var. Bizi bu yoldan heç bir qüvvə döndərə bilməz. Bu həm zəhmət, əziyyət, həm də siyasi əqidə, mövqe tələb edilən yoldur. Ona görə də mən bu yolu tutub gedən veteran "SƏS"çilərə can sağlığı arzu edirəm ki, onlar sadiqlik ənənələrini indiki "SƏS"in kollektivinə ötürüblər. Məhz "SƏS"in indiki kollektivi həmin ənənə üzərində fəaliyyət göstərirlər. Qəzetin bünövrəsi elə qoyulub ki, yüz il, min il keçsə də "SƏS" qəzeti öz əqidəsi, spesifikliyi ilə bütün qəzetlərdən fərqlənəcək. Ulu öndər "SƏS" qəzeti ilə bağlı fikirlərində qeyd etmişdi ki, ""SƏS" daim modernləşir, yenilənir və mən əminəm ki, qəzet həmişə yeniləşəcək, modernləşəcək".

Bizi ruhlandıran amillərdən biri də "SƏS" qəzetinin 20 illiyi münasibətilə cənab Prezident İlham Əliyevin "SƏS"çilərə təbriki oldu. Həmin təbrikdə də "SƏS" qəzeti Ümummilli lider Heydər Əliyevin sevdiyi qəzet kimi xarakterizə olunurdu. Eyni zamanda yubiley tədbirində cənab Prezident İlham Əliyev tərəfindən "SƏS"in kollektivinə ünvanlanmış təbrik məktubu oxundu. Xüsusilə bizi sevindirən amillərdən biri də cənab Prezidentin imzaladığı sərəncamla "SƏS" əməkdaşlarının mükafatlandırılması idi. Qəzetin 20 illiyində ən böyük təbriki elə dövlət başçısı etdi. Bu, təkcə 5 nəfərin mükafatı deyildi. Ümumilikdə bu, "SƏS"çilərə, kollektivə, "SƏS" ailəsinə verilən mükafat idi. Dövlət başçısı bu mükafatla göstərdi ki, qəzet öz fəaliyyətində, əqidəsində, mövqeyində düzdür və düz yolu tutub. Mən fürsətdən istifadə edərək cənab Prezidentimiz İlham Əliyevi də qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günün və Yeni il bayramı münasibətilə kollektivimiz adından təbrik edirəm.

Xüsusilə qeyd etmək istəyirəm ki, 2013-cü il "SƏS" Media qrupunun həyatında daha maraqlı və uğurlu oldu. Belə ki, bu ilin iyul ayının 22-də Azərbaycan Milli Mətbuatımızın yaranmasının 138-ci ildönümündə cənab Prezident İlham Əliyevin imzaladığı sərəncamla "SƏS" Media Qrupunun 6 əməkdaşı mənzillə təmin olundu.

Bu gün Azərbaycan mətbuatının yeni inkişaf modeli formalaşıb

Beləcə, ölkə mətbuatı dünyaya yeni model təqdim edib. Dövlətin mətbuatın inkişafına göstərdiyi diqqət, qayğı, dəstək və s. ölkə mətbuatının inkişafına əlverişli zəmin yaradıb. Məhz 2013-cü ildə cənab Prezident İlham Əliyevin növbəti dəfə "Jurnalistlərin dostu" seçilməsi də jurnalistlərin düzgün seçim etdiklərini sübut etdi. Dövlət başçısı da öz növbəsində "Jurnalistlərin dostu" olduğunu öz əməli, fəaliyyəti ilə sübut etdi. Hesab edirəm ki, jurnalistlər də çalışmalıdır ki, öz üzərlərinə düşən məsuliyyəti hiss etsinlər və mətbuatın, vətəndaş cəmiyyətinin inkişafı istiqamətində səylərini əsirgəməsinlər.

Biz Ulu Öndərimiz Heydər Əliyevin qəzetimizin modernləşməsi ideyasına sadiq qalaraq "SƏS" qəzetinin bazasında Səs İnformasiya Agentliyi yaratdıq. Beləcə, 2008-ci ilin iyulun 23-də agentlik fəaliyyətə başladı. SİA fəaliyyətə başladığı dövrdə müəyyən problemləri (maddi, texniki, yaradıcı şəxslər az idi və s.) var idi. Bir sözlə SİA 3-5 nəfərlə, agentlik kimi cəmiyyətə təqdim olundu. Amma qısa zaman ərzində SİA-nın ən tanınmış agentliklər sırasında adı çəkildi və öz adını, imicini formalaşdırmağa başladı. Artıq SİA-nın informasiya bazarında, mətbuatda və agentliklər sırasında öz yeri, oxucu kütləsi var.

Bu gün "SƏS" Media Qrupunun İnternet səhifəsində 120 minə yaxın bəyənənlər var. Bu o deməkdir ki, SİA-nın hər bir məlumatını 120 min insan izləyir, baxır, münasibət və rəy bildirir. Təbii ki, bu bizim üçün uğur və SİA üçün qələbədir. Hətta biz agentliyi yaradanda müəyyənləşdirməmişdik ki, SİA ətrafında bu sayda qrup cəmləyə bilər. Son 5 il göstərdi ki, SİA bunu bacardı. Hətta deyərdim ki, bu uğurda kollektivin hər bir üzvünün öz əməyi və zəhməti var. Eyni zamanda qeyd etmək istərdim ki, SİA ölkə mətbuatına kifayət qədər kadr da bəxş edib. Bu gün mətbuatda, müxtəlif agentliklərdə, portallarda və internet resurslarında çalışan jurnalistlərin əksəriyyəti "SƏS" qəzetinin, SİA-nın bazasında dərs alıb. Bunu hər kəs də qəbul edir.

Mətbuatla maraqlanan istənilən şəxsə sual verilsə ki, "SƏS" qəzeti və yaxud "SƏS" Media Qrupunu necə xarakterizə edirsiniz, o heç düşünmədən, tərəddüd etmədən deyəcək ki, bəli, "SƏS" məktəbi artıq öz sözünü deyib. Dövlət orqanlarında çalışan məmur əgər "SƏS"in məktəbini keçibsə, o, hər zaman "SƏS"in ənənələrinə sadiq qalıb. Təbii ki, "SƏS"in də ənənələri Ümummilli lider Heydər Əliyev dediyi kimi azərbaycançılıq, dövlətçilik və dövləti sevmək ənənəsidir. "SƏS" eyni zamanda müasir mediaya inteqrasiya edir. Bildiyiniz kimi qlobal dünyada müxtəlif dillərdə informasiyanın çatdırılması vacib amildir. Eləcə də bu gün Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması çox vacibdir. Ona görə də SİA üç dildə - Azərbaycan, Rus, İngilis fəaliyyət göstərir. Təbii ki, bu da bizə imkan verir ki, ölkə həqiqətlərini, reallıqlarını ingilis dilli, rus dilli xalqlara da çatdıraq. Bunun nəticəsində bizim İnternet ünvanlarına gələn məktublar onu göstərir ki, bu, oxucularımız üçün maraqlıdır və vacibdir.

2011-ci ildə SİA-nın bazasında "SƏS" qəzetinin 20 illiyi münasibətilə "SƏS" İnternet televiziyasını yaratdıq. Bu televiziya yaranarkən bir çoxları bunu videoçarx, videoçəkiliş, görüntülü xəbər kimi olacağını güman edirdi. Hətta bəziləri deyirdi ki, bu yalnız görüntülü xəbər yayımına xidmət edəcək. Amma biz göstərdik ki, bu heç də belə deyil. Azərbaycanda ilk dəfə onlayn televiziyanı "SƏS" təqdim gətirib. Biz bununla göstərdik ki, bu televiziya vasitəsilə görüntülü xəbər, 24 saat efirə çıxmaq və hadisələri digər televiziyalardan operativ şəkildə İnternetdə yerləşdirmək də mümkündür. Təbii ki, biz bunların hər birindən istifadə edirik. Artıq "SƏS" TV də özünəlayiq yer tutub. Hətta deyərdim ki, televiziyamız ölkədə fəaliyyət göstərən onlayn televiziyalar, internet resursları arasında ən nüfuzlu, reytinqli saytlardan biridir. Bu gün "SƏS" TV-nin özünün çoxsaylı tamaşaçı auditoriyası var. Xüsusilə qeyd etmək istərdim ki, bu gün SİA-nın və "SƏS" TV-nin auditoriyasının əksəriyyətini gənclər təşkil edir. Ona görə ki, bizim "SƏS" Media Qrupunda gənclərlə bağlı müxtəlif layihələr həyata keçirilir. Eləcə də gənclərin ictimai həyatda rolunun artırılması məqsədilə müxtəlif layihələr işlənib hazırlanır. Hətta "facebook" sosial şəbəkəsində "SƏS" Media Qrupunun materialları, çəkilişləri daha çox paylaşılır.

Sevindirici haldır ki, 2013-cü ildə keçirilən seçkilər ərəfəsində insanların iradəsinin ortaya qoyulması və informasiyanın cəmiyyətə çatdırılması baxımından SİA-nın böyük xidməti olub. 2013-cü il Prezident seçkilərində Azərbaycan xalqı bir daha öz liderini seçdi və ona inamını göstərdi. Bu mənada hesab edirəm ki, "SƏS" Media Qrupu 2013-cü ildə öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdi və bununla da bir çox uğurlara imza atdı. 2014-cü ildə "SƏS" Media Qrupunun moderləşməsi ilə bağlı layihələrimiz, planlarımız var. Əminəm ki, keçmişimizi, mövqeyimizi saxlamaq şərtilə modernləşməyə davam edəcəyik.

Mən qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətil bütün Azərbaycan xalqını və "SƏS" kollektivini təbik edirəm. Eləcə də SİA-nın 5, "SƏS" TV-nin 3 yaşı münasibətilə bütün "SƏS"çiləri təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayıram. Çünki bu onların, "SƏS" qəzetini yaradanların və onun ənənələrini yaşadanların uğurudur.

Bütün xəbərlər Facebook səhifəmizdə