Spiker: “Sabir bəy, deputat hörmətini özü qazanır"

Spiker: “Sabir bəy, deputat hörmətini özü qazanır"

"Deputat statusu təkcə maaş, mükafat və şəxsi dolanışıq məsələsi deyil. Deputatların hörməti onların gördüyü işlə bağlıdır. Deputatların rəsmi orqanlara müraciətinə müsbət münasibət göstərilməlidir. Parlamentin yarım saatlıq cari məsələlərlə bağlı deputatların qaldırdıqları təkliflər hara gedir? Hələ heç bir icra strukturu parlamentdə qaldırılan təkliflərin həyata keçirilməsi ilə bağlı heç bir cavab verməyib". SİA-nın məlumatına görə, bunu parlamentin bugünkü iclasında Sabir Rüstəmxanlı "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxışında deyib.

S. Rüstəmxanlı müxtəlif tədbirlərə dəvət olunarkən bəzən lazımi diqqət göstərilməməsindən şikayətlənib: "Deputatı ən arxa sırada oturdurlar. Qapıya gələn adamı qəbul etmək üçün komitə sədrinin icazəsi olmalıdır. Hər şey üçün komitə sədrini axtarmalı deyilik ki! Mənim hüququm olmalıdır insanları qəbul etməyə. Bizə heç rəsmilərin telefon nömrələri olan telefon kitabçaları verilmir".

Spiker Oqtay Əsədov isə bildirib ki, deputatlar insanlar üçün əlçatan yerdir: "Sabir bəy, deputat hörmətini özü qazanır. Bəzən özümüz özümüzü hörmətdən salırıq. Biz özümüz bir-birimizin hörmətini saxlamalıyıq. Kitabçalar hamıya verilir. Əvvəllər 4 nəfər deputatın bir hökumət telefonu işləyirdi. İndi isə hamının belə telefonu var".

Bütün xəbərlər Facebook səhifəmizdə