Hikmət Babaoğlu: "Rusiya prezidenti səyahəti vasitəsilə Ermənistana öz tapşırıqlarını verəcək" MÜNASİBƏT
"Biz bilirik ki, Azərbaycan Avropa İttifaqı (Aİ) ilə müxtəlif sahələrlə yanaşı, "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində də çoxtərəfli və ikitərəfli münasibətlərini inkişaf etdirir". Bu sözləri SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu "Şərq Tərəfdaşlığı" ökələrinin Vilnüs sammitinin ölkəmiz üçün əhəmiyyətindən danışarkən deyib. O bildirib ki, Azərbaycan sammitdə Aİ ilə münasibətlərdə öz milli və dövlətçilik maraqlarından çıxış etdiyini bir daha isbat etmiş oldu.
Onun sözlərinə görə, Azərbaycan "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində bütün istiqamətlər üzrə öz maraqlarına, milli adət-ənənənələrinə sadiq qalmaqla Aİ institutularına inteqrasiya edir.
Proqramın real və səmərəli mexanizm olduğunu dilə gətirən baş redaktor vurğulayıb ki, Vilnüs sammitində yadda qalan əsas məsələlərdən biri ölkəmizin Aİ ölkələri ilə viza rejiminin sadələşdirilməsi ilə bağlı imzaladığı müqavilə oldu: "Müqavilə Azərbaycan vətəndaşlarının Aİ-na üzv olan ölkələrə səfərində asanlaşdırıcı rol oynayacaq və gələcəkdə vahid viza məkanına daxil olmaq üçün real perspektivlər yaradacaq. Azərbaycan Avropaya inteqrasiya prosesində və bu birliyə daxil olan ayrı-ayrı ölkələrlə münasibətlərdə təmkinli mövqe tutur, bir sıra dövlətlərdən fərqli olaraq heç bir halda tələskənliyə yol vermir. Əlbəttə ki, bu, nəticə etibarı ilə Azərbaycana dividentlər gətirir".
H.Babaoğlu həmçinin bildirib ki, sammitdə yadda qalan digər məsələ Prezident İlham Əliyevin Aİ ölkələrinin liderləri ilə təkbətək görüş keçirməsi olub. Baş redaktor qeyd edib ki, burada ən maraqlı fakt ondan ibarətdir ki, görüşlə bağlı təklif Aİ üzv olan ölkələrin liderlərindən gəlib: "Bu görüşlər Azərbaycan üçün böyük əhəmiyyətə malik idi. Keçirilən görüşlərdən ən aktualı isə Azərbaycan prezidenti İlham Əliyevin Ermənistan prezidenti Serj Sarkisyanla keçirdiyi görüş oldu. Biz bilirik ki, Azərbaycan prezidenti bütün beynəlxalq görüşlərdə, səfərlərdə ilk növbədə Dağlıq Qarabağ problemləri ilə bağlı məsələləri prioritet məsələ kimi ortaya qoyur və bunun həlli ilə bağlı bütün imkanlarını səfərbər edir. Bu cür görüşün baş tutması da, olduqca lazımlı idi. Aİ-da və ondan kənarda elə ölkələr var ki, bu probelemin həll olunmasında maraqlı deyillər və bundan ölkəmizə təzyiq vasitəsi kimi istifadə edirlər. Çox təəssüf ki, problemi yaradan və onun sonrakı mərhələlərində iştirak edən ölkələr Aİ-nın aparıcı ökələridir. Bütün bunlarla yanaşı görüşün baş tutması və problemin müzakirə olunması, onun həlli baxımından pozitiv addımdır".
Rusiya Prezidenti Vladimir Putinin Ermənistana səfəri ilə bağlı məsələyə də münasibər bildirən H.Babaoğlu bildirib ki, Ermənistan Rusiya prezidentləri arasında hər hansı bir məsələlərin müzakirəsindən söhbət gedə bilməz. Onun sözlərinə görə, hər hansı məsələnin müzakirəsi üçün iki dövlət, iki tərəf, iki milli iradə lazımdır: "Biz bilirik ki, Rusiya ilə Ermənistan arasında münasibətlər şaqulidir. Ermənistan tərəf deyil, o, Rusiyanın hərbi bazasıdır. Ona görə də səfər zamanı danışıqların predmeti olmayacaq. Rusiya tərəfi nəyi diktə edəcəksə, Ermənistan da onu qəbul edəcək. Bu baxımdan da Rusiya prezidentinin Ermənistana səfərini öz forpostuna səyahəti kimi qiymətləndirə bilərik. Rusiya prezidenti səyahəti vasitəsilə Ermənistana öz tapşırıqlarını verəcək. Burada maraqlı hadisə Ermənistanda xırda toplumların etirazlarıdır. Belə ki, artıq onlar başa düşüblər ki, Ermənistan dövlət deyil və bu səfər onlara heç nə vəd etmir. Düşünürəm ki, bu getdikcə kütləviləşəcək. Azərbaycanın apardığı siyasət nəticəsində maddi, iqtisadi, siyasi, tranzit blokadasında olan Ermənistan nəhayət dərk edəcək ki, torpaqları işğal altında saxlamaq olmaz. Nə qədər ki, torpaqlar işğal altındadır, Ermənistanın heç bir perspektivi yoxdur və olmayacaq da. Putinun ora səfəri də bu rəyi dəyişdirməyəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB