"Forum qarşılıqlı faydalı humanitar əməkdaşlığın dərinləşməsinə kömək edir"

"Forum qarşılıqlı faydalı humanitar əməkdaşlığın dərinləşməsinə kömək edir"

"Bakı Beynəlxalq Humanitar Forumu birləşdirici xarakter daşıyır və elm, təhsil, mədəniyyət və incəsənət sahələrində qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsinə kömək edir". SİA-nın məlumatına görə, bu barədə Rusiya Federasiyasının prezidenti Vladimir Putinin III Bakı Beynəlxalq Humanitar Forumu iştirakçılarına ünvanladığı müraciətin mətnində deyilir.

"Bu böyük beynəlxalq tədbirin nüfuzu ildən-ilə artır və bu dəfə Azərbaycan və Rusiya rəhbərlərinin hamiliyi altında keçirilən forum dünyanın onlarla ölkəsindən olan görkəmli siyasətçiləri, alimləri, yaradıcı ziyalıları bir araya gətirib" - deyə, V.Putinin məktubunda deyilir.

Məktub Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy tərəfindən oxunub. Sənəddə qeyd edilir ki, forumun gündəliyi getdikcə daha dolğun və məzmunlu xarakter alır.

"Dəyişməz olaraq qalan onun birləşdirici xarakteri, iştirakçıların elm, təhsil, mədəniyyət və incəsənət sahələrində qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirmək istəyidir. Əminəm ki, forumda məzmunlu və faydalı diskussiyalar, yeni ideyalar və təşəbbüslər real işlərdə və layihələrdə öz təcəssümünü tapacaq, xalqlar arasında etimad, qarşılıqlı anlaşma və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə kömək edəcək" - deyə, Rusiya prezidenti məktubunda vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə