Sahib Alıyev: “Gürcüstanda prezident deyil, kimin söz sahibi olduğu müəyyənləşdirildi” AÇIQLAMA

Sahib Alıyev: “Gürcüstanda prezident deyil, kimin söz sahibi olduğu müəyyənləşdirildi” AÇIQLAMA

"Gürcüstanda keçirilən prezident seçkisinin nəticəsi artıq açıqlanıb. "Gürcü arzusu" hakim koalisiyasının təmsilçisi (lideri yox, məhz təmsilçisi) Georgi Marqvelaşvili 61,2 faizlik göstəricilə qələbə çalıb. Çağdaş Gürcüstanın tarixində indiyədək belə bir seçki olmayıb. Bu seçki deyildi, sadəcə səsvermə idi. Ona görə sadəcə səsvermə idi ki, seçkiyə qatılanların 80 faizindən çoxu, liderlər arasında seçim etmək üçün ora getməmişdilər". SİA-nın məlumatına görə, bunu millət vəkili Sahib Alıyev Gürcüstanda keçirilən seçkilərin nəticələrinə münasibət bildirərkən deyib.

Parlament üzvünün sözlərinə görə, onlar əslində prezidentin kimliyini deyil, Gürcüstanda kimin söz yiyəsi olduğunu müəyyənləşdirirdilər: "Başqa cür desək, onlar adı seçki bülletenində olana yox, onun arxasında duran liderə səs verirdi. Yəni nə Marqvelaşvilinin topladığı 61,2 faiz səs onunku sayıla bilməz, nə də ikinci yerdə gələn David Bakradzeyə verilən 21,75 faiz səs özününkü deyil. Bir sıra ölkələrdəki kimi, hələ partiya quruculuğunun tam oturuşmadığı Gürcüstanda Marqvelaşvili ilə Bakradze təmsil etdikləri siyasi təşkilatda daha karizmatik, daha bacarıqlı və liderlik keyfiyyətləri daha yüksək olmaları səbəbindən yox, baş nazirlə prezident belə istədikləri üçün namizədlikləri irəli sürülmüşdü. Ona görə də onların topladıqları səslər, nə ideyaya, nə proqrama, nə təmsil etdikləri partiyalara, az öncə vurğuladığımız kimi nə də özlərinə deyil, baş nazir Bidzina İvanişvili və artıq eks prezident sayılan Mixeyil Saakaşviliyə verilən səslərdir. Bəlkə elə həm buna görə, həm də artıq Gürcüstanda prezidentlik bir nömrəli post sayılmadığına görə, orada seçici fəallığı cəmisi 46,6 faiz oldu. Doğrusu, Gürcüstanda yaranmış durumun qəribəlikləri təkcə bununla bitmir. Bəlli olduğu kimi, indi qonşu ölkədə bir nömrəli post sayılan baş nazir vəzifəsində də İvanişvili özü əyləşmək istəmir. Orada da öz adamını əyləşdirəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə