Parlamentin bu gün keçirilən iclasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III zirvə toplantısının Bəyannaməsinin təsdiq edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb. SİA-nın məlumatına görə, layihə barədə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verib.
Müzakirələr zamanı çıxış edən deputat Sabir Rüstəmxanlı deyib ki, təqdim olunan sənəd ciddi sənəddir: "Türk birliyinin günü-gündən güclənməsi yaxşı haldır. Şərqdə Çin, şimalda Rusiya, cənubda İran var. Ortada isə türk xalqı var. Vaxtilə Türkmənistanda Dağlıq Qarabağ problemi ilə bağlı danışan insanları qovurdular. Yaxşı haldır ki, indi bu dövlətin başçısı Qarabağdan danışır, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir".
Deputat Fəttah Heydərov türkdilli dövlətlərin zirvə toplantısının Qəbələdə keçirilməsini, mühüm sənədlərin qəbul olunmasını əhəmiyyətli hadisə adlandırıb: "Zirvə toplantısında 4 dövlət iştirak etdi. İnanıram ki, yaxın dövrdə digər türk dövlətləri də Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv olacaqlar. Bu da dünyada sülhün, əmin-amanlığın təmin edilməsində əsas rol oynayacaq. Şuranın növbəti toplantısı Türkiyədə olacaq və mən də orada iştirak edəcəyəm".
F.Heydərov daha sonra seçkilərdən danışıb, demokratik seçkilərin keçirildiyini deyib və əlavə edib ki, xalq yenə də inkişafa səs verib: "Seçkilər zamanı inkişafa əks olan qüvvələri müzakirə etməyə ehtiyac yoxdur. Biz qürurla deyə bilərik ki, Azərbaycan xalqı öz müstəqilliyini dəyərləndirən və sona qədər davam etdirmək istəyən müdrik xalqdır. Bu seçkilər onu göstərdi. Azərbaycan müstəqil dövlətdir və müstəqil siyasət aparır. Əlbəttə, inkişafın qarşısını almaq üçün eybəcər hallar da olur. Biz buna fikir verməməliyik".
Müzakirələrdən sonra, sənəd səsə qoyularaq qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB