Həkim-ekspertlər: "III qrup gözdən əlil Ali Baş Komandan ola bilməz"
"Üçüncü qrup gözdən əlillər nə prezident, nə də Ali Baş Komandan vəzifəsini icra etmək qabiliyyətinə sahib deyillər". Bunu həkim-ekspertlər bu gün Cəmil Həsənlinin gözdən əlil olması ilə bağlı aldığı arayışın müzakirə edilməsi üçün keçirilən mətbuat konfransında deyib.
Həkim-ekspert Fəxrəddin Abbasov bildirib ki, hər bir şəxsin əmək fəaliyyəti onun sağlamlıq durumu ilə əlaqədardır: "Sağlamlıq vəziyyətinin pozulması halları baş verdikdə əlillik dərəcələri müəyyənləşdirilir. Əlillik dərəcələri 3 qrupa bölünür. I qrupda insan əmək fəaliyyəti ilə məşğul ola bilmir, yəni əmək qabiliyyətsizdir. Bu qrup əllillər kənar şəxsin köməyinə ehtiyac duyur. II qrup əlillər də əmək qabiliyyətsiz hesab olunur, lakin kənar şəxsin köməyinə ehtiyacı olmur. III qrup əlillər isə əmək qabiliyyətli olsalar da öz peşə sahəsində əmək fəaliyyətini yerinə yetirə bilmirlər. Onlara yalnız yüngülləşdirilmiş iş rejimində çalışmağa icazə verilir".
F.Abbasov qeyd edib ki, "Milli Şura"nın prezidentliyə namizədi Cəmil Həsənlinin gözündə yaranan problem diabetik angeopatiya ilə əlaqədardır: "III qrup müddətsiz əlillik dərəcəsi Cəmil Həsənliyə ona görə verilib ki, onun görmə qabiliyyəti zəifləyib. Belə olan halda, onun öz peşəsi ilə məşğul olmasına icazə verilmir. Yəni yüngülləşdirilmiş iş rejiminə keçirilməklə əmək qabiliyyətli sayılır".
F.Abbasov vurğulayıb ki, diabetik angeopatiya (damarlarda gedən dəyişiklik) kiçik damarlarda başlayır və bu xəstəliyin yaxşılığa doğru getməsi mümkünsüzdür: "Əksinə həmin xəstəlik şəkərli diabetli insanlarda pisliyə doğru inkişaf edir. III qrup əlillik müddətsiz verildikdə həmin xəstələrin səhhətində yaxşılaşmanın müşahidə olunması qeyri-mümkündür. Birmənanlı şəkildə deyirəm ki, bu insan hərbi xidmətə yararsızdır və onun səhhəti Ali Baş Komandan vəzifəsini icra etməyə imkan vermir".
Göz xəstəlikləri üzrə ekspert Qurban İsmayılov bildirib ki, "29 avqust 1997-ci il Nazirlər Kabineti tərəfindən "Əhalinin Əmək Qabiliyyətinin qiymətləndirilməsi" haqqında qanuna əsasən əlillik dərəcləri göz üzrə 3 qrupa bölünüb: "I qrup əlillik o insanlara verilir ki, onların görmə qabiliyyəti 0.03-dür və həmin şəxslərin görmə qabiliyyəti 1 metrdən azdır. Bu halda onların görmə sahəsi 10 dərəcə daralır. Belə insanların kənar şəxslərin köməyinə ehtiyacı var. II qrup gözdən əlillərin görmə itiliyi ya eynəklə, ya da eynəksiz 0.08-dən aşağıdır. Onlar tam əmək qabiliyyətsizdirlər. III qrup əlillərdə isə gözünün birinin görmə itiliyi ya tam yoxdur, ya da 0.04-dən aşağıdır və görmə dərəcəsi isə 20 dərəcədən aşağıdır. Bu insanlar əməklə məşğul ola bilərlər, ancaq görmənin aktiv iştirak etdiyi işdə çalışa bilməzlər".
Q.İsmayılov qeyd edib ki, Cəmil Həsənli eyni zamanda şəkərli diabet xəstəsidir və bu xəstəliyə sahib insanlara verilən əlillik dərəcələri artır: "Şəkərli diabet xəstələrində şəkər yoxa çıxmır. Cəmil Həsənliyə III qrup gözdən əlil diaqnozu 2011-ci ildə qoyulub. Ola bilər ki, artıq Cəmil Həsənli III yox, II qrup gözdən əlildir. Ona dəqiq proqnozun qoyulması üçün təkrar ekspertizadan keçməlidir".
Q.İsmayılov linzanın hansı halda gözə yerləşdirilməsilə bağlı məsələyə də aydınlıq gətirib: "İnsanlarda katarakt (mirvari suyu) xəstəliyi müşahidə olunduqda bulanmış büllur süni büllurla əvəz edilir. Həmin şəxsə şəkərli diabetlə əlaqədar göz dibində baş verən hansısa dəyişikliyin fonunda yaranan xəstəliyə görə III qrup əlillik verilib. Bu qrupdan olan insanlar hər hansı bir əşyanı götürəndə də çəkisinə diqqət yetirilməlidir və görmənin aktiv olduğu sahədə işləyə bilməzlər. Müdafiə Nazirliyinin Səhiyyə Nazirliyi ilə birlikdə imzaladığı 2008-ci il qanununa əsasən hər iki gözündə süni büllur olan şəxslər hərbi xidmətdən tam azaddırlar".
Həkim-ekspert Ceyhun Allahverdiyev isə bildirib ki, Cəmil Həsənli 2011-ci ildən həkim rəyinə əsasən III qrup gözdən əlildir: "Buna görə də o, bu vəzifəyə yararsız hesab olunur. Bu vəziyyətdə Cəmil Həsənlinin prezident və Ali Baş Komandan olması yolverilməzdir. Həmin səlahiyyətlər Cəmil Həsənli üçün ağır vəzifələrdir və qanunvericilik də buna qarşı çıxır".
Bütün xəbərlər Facebook səhifəmizdə