Rövzət Qasımov: "Səslərin sayılması prosesi fasiləsiz olmalıdır"

Rövzət Qasımov: "Səslərin sayılması prosesi fasiləsiz olmalıdır"

"Seçki zamanı bütün seçicilərə şərait yaradılmalıdır ki, seçkinin sonuna qədər səsvermədə iştirak etsinlər". SİA-nın xəbərinə görə bunu Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyaları (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursda məruzə ilə çıxış edən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyinin müdiri Rövzət Qasımov deyib.

Onun sözlərinə görə, seçki zamanı növbəyə durmuş bütün seçicilərə səsvermədə iştirak etmələri üçün şərait yaradılmalıdır: "Seçkilər günü səsvermə saat 19.00-da yekunlaşsa da, məntəqəyə gələn seçicilər üçün səsvermə şəraiti yaradılmalıdır".

R.Qasımovun vurğulayıb ki, səslərin sayılması prosesi zamanı isə hər hansı fasiləyə yol vermək olmaz: "Bu proses fasiləsiz davam etdirilməlidir. Çünki səslərin sayılması zamanı fasiləyə çıxmaq qanunla yolverilməzdir".

Daha sonra çıxış edən Konstitusiya Məhkəməsinin (KM) hakimi Ceyhun Qaracayev isə bildirib ki, seçki hüququ dövlətin qarşısında müxtəlif texnologiyaların təmin olunması, şəffaflığın təmin edilməsi, namizədlərin qeydiyyatı zamanı obyektiv və şəffaf yanaşması kimi öhdəliklər qoyur: "Bunların hər biri qanunla təmin olunmalıdır. Belə hüququn təmin olunması əslində Avropa Məhkəməsi və Venesiya Komissiyasının tövsiyələrində də bildirilir. Dövlət müəyyən qədər öhdəlik daşımalıdır ki, hüquq sistemi adekvat seçkilərə cavab versin.

C.Qaracayev bildirib ki, demokratik dəyərlərə sahib olan Böyük Britaniya hökuməti bildirir ki, seçki hüququ və prosesi müstəqildir və ona beynəlxalq təşkilatlar, o cümlədən AŞ müdaxilə etməməlidir: "Dövlətlərin müstəqilliyinə belə yanaşma düzgündürmü? Seçki prosesinə beynəlxalq təşkilatların müdaxiləsinə görə əksər Avropa ölkələri çəkinir. Seçkilərlə bağlı standartları müəyyən edən Konvensiya 2000-ci ildən müzakirəyə çıxarılıb. Onlar bu konvensiyanın prespektivini inkar edir. Təbiidir ki, bir standart kimi seçki prosesini bu quruma etibar etmək bir növ müstəqillikdən imtina etmək deməkdir. Ona görə ki, seçki prosesi daxili siyasi prosesdir və bu vətəndaşlarla hakimiyyət arasında olan münasibətdir. Demək olarmı ki, bu sahəyə Avropa Məhkəməsi müdaxilə etməlidir. Sual yaranır ki, nə üçün müdaxilə etməlidir? Seçki hüququ təminatı demokratik dəyərlərin qorunmasına xidmət edir. Cəmiyyət özü özlüyündə insan hüquqlarının aliliyini göstərir. Deməli seçki prosesi bunun əsasında dayanır. Seçki prosesi əsas insan hüquqlarına aiddir".

Daha sonra MSK sədrin Məzahir Pənahovun iştirakı ilə kursda iştirak edənlərə sertifikatlar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə