Politoloq Elşad Mirbəşiroğlunun SƏS TV-yə müsahibəsi:
- Elşad müəllim, bu yaxınlarda Azərbaycanda hərbi parad keçirildi, onun arxasınca Ermənistanda bərbad vəziyyətdə keçirilmiş hərbi paradın şahidi olduq. Bu paradları müqayisə etdikdə nəticələri necə dəyərləndirmək olar?
- Biz Azərbaycan ordusunun 95 illiyinə həsr olunmuş hərbi paradın çox yüksək səviyyədə təşkil olunmasının canlı şahidi olduq. Buna nəinki biz, hətta bütün dünya da şahid oldu. Təbii ki, keçirilmiş hərbi parada ilk reaksiya torpaqlarımızın 20 faizini işğal etmiş Ermənistan tərəfindən gəldi. Onlar son zamanlar Azərbaycan ordusunun hərbi ritorikaya üstünlük verdiyini bəyan edirdi və bununla da onlar, sanki başlıca havadarları olan Rusiyadan imdad diləyirdilər. Rusiya bütün vasitələrlə Azərbaycanla Ermənistan arasında mövcud olan hərbi balansı saxlamağa çalışır. Lakin tam şəkildə aydındır ki, bunu həyata keçirmək qeyri-mümkündür, çünki Azərbaycan ordusu ilə Ermənistan ordusu arasında nəzərə çarpacaq dərəcədə fərq var. Azərbaycan ordusu daha güclü hərbi potensiala malikdir. Ermənistan tərəfi Azərbaycanın iqtisadi və hərbi imkanlarına bələddir. Cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan ordusu nəinki regionda, hətta dünyada da böyük nüfuza sahibdir. Ermənistan tərəfi də bu nüfuzun mövcudluğundan xəbərdardır. Məhz buna görə də, Ermənistan Azərbaycan tərəfinin hər an müharibəyə başlaması təşvişi ilə yaşayır. Hətta Ermənistanın müdafiə naziri Seyran Ohanyan da çıxışında qeyd etmişdi ki, Azərbaycan tərəfi müharibəyə hazırdır və qarşı tərəfdən hər an müharibə təhlükəsi gözlənilir. Eyni zamanda onlar Azərbaycanın sürətlə silahlanmasına da eyham vuraraq, Azərbaycanın Rusiya ilə hərbi əməkdaşlığından narahatlıqlarını gizlətməyiblər. Ermənistan tərəfinin fikrincə, Azərbaycanın hərbi parad keçirməkdə məqsədi dünyaya əzələ nümayiş etdirmək olub. Mən bu fikirlərin səsləndirilməsini də normal hal kimi hesab edirəm, çünki düşmən artıq bizim gücümüzün fərqindədir. Onlar artıq hansı uğurumuza necə yanaşacaqlarını bilmirlər. Nəticədə, ortaya bu cür sərsəm fikirlərin çıxması başa düşüləndir.
- Sizin də qeyd etdiyiniz kimi, Ermənistanın hakim dairələri dolayısı yolla da olsa, hərbi paradın keçirilməsinə öz narazılıqlarını bildirdilər. Sizcə, bu narazılığın səbəbi nə ilə bağlıdır?
- Hərbi paradın keçirilməsi dövlətçilik tarixində mühüm hadisələrdən biridir. Ordu suverenliyin, dövlətçiliyin, təhlükəsizliyin sığortasıdır. Biz bu paradı keçirməklə bir daha dünyaya nümayiş etdirdik ki, Azərbaycan ordusu öz müstəqilliyini, ərazi bütövlüyünü qorumağa qadirdir. Qarşı tərəfin də təşvişi məhz bununla bağlıdır. Ermənistan hər vasitə ilə status-kvo vəziyyətini saxlamağa çalışır. Status-kvo Ermənistanın maraqlarına cavab verir, çünki onlar Azərbaycanın işğal olunmuş ərazilərində hüquqazidd əməliyyatlar aparırlar. Biz artıq Ermənistanın işğal olunmuş ərazilərdə narkotik transferi fəaliyyəti ilə məşğul olduğu haqda məlumatlıyıq. Bu barədə mətbuatda da geniş müzakirələr olub. Həmin ərazilərdə qeyri-qanuni əməliyyatlar aparılır. Təbii ki, bundan da Ermənistanın hakim dairələri böyük məbləğdə mənfəət əldə edirlər. Bu baxımdan da onlar işğal etdikləri əraziləri geri qaytarmaq istəmir. Lakin, Azərbaycanın səbri artıq tükənmək üzrədir. Ermənistanın qarşısında 2 çıxış yolu qalır. Ya öz qoşunlarını geri çəkərək sülh yolu ilə torpaqları geri qaytarmaq, ya da Azərbaycanın güclü ordusunun müqaviməti ilə qarşılaşmaq. Ermənistan tərəfi də müharibə baş verəcəyi təqdirdə aqibətinin necə olacağını çox gözəl dərk edir. Çünki onların ordusu Azərbaycan ordusu ilə müqavimət aparacaq potensiala malik deyil. Onların keçirdikləri hərbi parad bunu bir daha təsdiq etmiş oldu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB