Elmar Məmmədyarov NATO baş katibinin müavini ilə görüşüb

Elmar Məmmədyarov NATO baş katibinin müavini ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov NATO baş katibinin yeni təhlükəsizlik çağırışları üzrə müavini Gabor İklodyni qəbul edib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, E. Məmmədyarov Azərbaycan və NATO arasında mövcud əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirib. Ermənistan-Azərbaycan münaqişəsinə toxunan nazir, münaqişənin regionda davamlı sülh və sabitliyin bərqərar olunmasına əsas əngəl olduğunu deyib və problemin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının zəruriliyini vurğulayıb.

NATO baş katibinin müavini Gabor İklody NATO-nun Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini qeyd edərək Bakının regional və beynəlxalq miqyasda sülh və sabitliyin təmin olunmasındakı rolunu yüksək qiymətləndirib.

Görüş zamanı NATO-Azərbaycan əməkdaşlığının genişləndirilməsi perspektivləri, eləcə də ölkənin beynəlxalq təşkilatlarla əməkdaşlığı və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə