İsraildə Azərbaycanın prinsipial və müstəqil xarici siyasət yürütməsi yüksək qiymətləndirilir

İsraildə Azərbaycanın prinsipial və müstəqil xarici siyasət yürütməsi yüksək qiymətləndirilir

İsrailin 9-cu kanalında yayımlanan, israillilər arasında populyar olan "Kontakt" verilişində Azərbaycan ilə İsrail arasında strateji münasibətlərə həsr olunmuş süjet göstərilib.

Verilişdə Cənubi Qafqazda geosiyasi və geoiqtisadi proseslərin lideri olan Azərbaycan, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyət, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, Azərbaycanın Cənubi Qafqazda geostrateji mövqeyi barədə danışılıb.

Verilişin müəllifi və aparıcısı, tanınmış İsrail jurnalisti Yevgeni Sova Azərbaycan-İsrail əlaqələrindən söz açıb. Azərbaycan-İsrail münasibətlərinin çox mühüm strateji xarakter daşıdığını bildirən beynəlxalq münasibətlər sahəsində ekspert, İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının (Azİz) idarə heyətinin üzvü Arye Qut deyib: "Münasibətlərin xüsusi hissəsini İsrail Prezidenti Şimon Peres ilə Azərbaycan Prezidenti İlham Əliyevin sıx və səmimi münasibətləri ilə səciyyələnən dövlətlərarası siyasi münasibətlər təşkil edir. İsraildə Azərbaycanın prinsipial və müstəqil xarici siyasət yürütmək mövqeyi yüksək qiymətləndirilir".

Onun sözlərinə görə, İsrail dünya bazarında Azərbaycan neftinin əsas alıcılarından biri, Azərbaycanın mühüm strateji tərəfdaşı, habelə neft-qaz, müdafiə, telekommunikasiya və kənd təsərrüfatı sahələrində ən qabaqcıl texnologiyaların təchizatçısıdır.

Ekspert bildirib ki, Azərbaycanın İsraildəki diaspor təşkilatı olan Azİz-in geniş fəaliyyəti sayəsində hazırda İsraildə Azərbaycanın rolu və təsiri xeyli artıb: "Bu gün Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür, İsrail dövləti 20 minlik yəhudi icmasına səmimi və mehriban münasibət bəslənməsində Azərbaycan rəhbərliyinin xidmətlərini yüksək qiymətləndirir. Azərbaycanda antisemitizm yoxdur, heç vaxt da olmamışdır və biz Azərbaycandan gəlmələr kimi, Azərbaycan diasporu kimi, bu parlaq tolerantlıq faktı ilə həmişə qürur duymuşuq. Azərbaycan əsl sivilizasiyalararası dialoq nümunəsidir. Mənə istər xristian, istərsə də müsəlman olsun, elə bir ölkə göstərin ki, orada Prezidentin və birinci xanımın himayəsi ilə iki sinaqoq və Cənubi Qafqazda ən böyük Yəhudi Təhsil Mərkəzi inşa olunsun. Zənnimcə, sadəcə, tapmayacaqsınız".

Azİz-in idarə heyətinin sədri İsrail Knessetində qondarma "erməni soyqırımının" tanınması perspektivlərinə toxunaraq qeyd edib ki, ermənilərin faciəsinə soyqırımı statusunun verilməsi İsrail ilə Türkiyə arasında qalan bütün əlaqələrə zərbə vuracaq və İsrail-Azərbaycan münasibətlərini xeyli pisləşdirəcək. Məlumdur ki, Türkiyənin soyqırımında ittiham olunması ilə bağlı bütün cəhdlərə rəsmi Bakı Ankara qədər ağrılı münasibət göstərir. O deyib: "Mən 1915-ci il hadisələrinin soyqırımı kimi tanınmasına qarşı çıxan İsrail XİN-in və "Bizim ev - İsrail" partiyasının başçısı Aviqdor Libermanın mövqeyini bölüşürəm. Zənnimcə, həmin mövzu ilə İsrail Knesseti deyil, tarixçilər akademik səviyyədə məşğul olmalıdırlar. Erməni lobbisinin istəklərinə rəvac verən bəzi tanınmış İsrail siyasətçiləri isə İsrailin milli mənafeyi barədə əsla düşünmürlər".

Bütün xəbərlər Facebook səhifəmizdə