Bakıda İƏT-nın əmək nazirliklərinin və rəsmilərin iclası keçirilir
Bu gün Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin əmək nazirliklərinin yüksək səviyyəli rəsmilərinin iclası öz işinə başlayıb. SİA- nın xəbərinə görə, beynəlxalq tədbir Quran ayələrinin oxuması ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan Səudiyyə Ərəbistan Krallığının əmək nazirinin müavini Mufarreş əl-Kubani bildirib ki, bu görüşün keçirilməsi hələ əmək nazirlərinin ilk görüşündə planlaşdırılıb. O, Bakı şəhərində qonaqlara yaradılan bütün imkanlara görə Azərbaycan xalqına, rəhbərliyinə, həmçinin İƏT-in rəhbərliyinə təşəkkür edib: "Bu görüş fikirlərimizin, ideyalarımızın mübadiləsini aparmaq, səhiyyə, iş yerlərində təhlükəsizlik, işsizliyin aradan qaldırılması üçün yeni iş yerlərinin açılması kimi məsələləri birgə müzakirə etmək üçün böyük fürsətdir: "Əmək nazirlərinin I görüşdən sonra Səudiyyə Ərəbistan Krallığında əmək bazarlarının inkişafı, işsizliyin aradan qaldırılması istiqamətində işlər görülüb, iş təminatı, təlimlə bazar arasında boşluqların aradan götürülməsi, özəl və dövlət sektorları arasında münasibətlərin yaradılmasıı istiqamətində lazımi tədbirlər həyata keçirilib".
Tədbirin davamında Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin əmək nazirliklərinin yüksək səviyyəli rəsmilərinin iclasına sədrlik edən Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov bu tədbirin mühüm əhəmiyyətindən danışıb. O bildirib ki, dünyanın 50-dən çox islam ölkəsinin əmək nazirlərinin iştirak etdiyi konfrans İƏT ölkələri arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üçün möhkəm zəminin yaradılması və bu sahədə mütərəqqi ideya və innovasiyaların mübadiləsi məqsədinə yönəlib. Onun sözlərinə görə, konfransda həmin ölkələrdə əmək bazarının inkişaf etdirilməsi, işçi qüvvəsinin rəqabət qabiliyyətinin yüksəldilməsi və beynəlxalq standartlara çatdırılması, işsizliyin səviyyəsinin azaldılması və s. məsələlər müzakirə edilməsi mühüm əhəmiyyət kəsb edəcək.
Qeyd edək ki, iki gün davam edəcək iclasda məqsəd Təşkilata üzv ölkələrin əmək nazirlərinin aprelin 25-26-da keçiriləcək konfransının gündəliyinin hazırlanması, nazirlərin görüşü zamanı müzakirəyə çıxarılacaq əsas sənədlərin yekun razılaşdırılmasıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirlərin yekunu olaraq, əmək nazirləri tərəfindən Bakı Çərçivə sənədi və Qətnamənin, həmçinin Bakı Bəyannaməsinin qəbul olunması nəzərdə tutulur. Qeyd olunan sənədlər İƏT-ə üzv ölkələrin əmək nazirlikləri arasında əməkdaşlıq prioritetlərini müəyyən etməklə, eyni zamanda bu əməkdaşlıq üzrə vahid əlaqələndirmə şəbəkəsinin yaradılmasını və bu əlaqələndirmə vəzifəsinin yaxın iki ildə Azərbaycan tərəfindən yerinə yetirilməsini nəzərdə tutur.
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB