31 Mart - Azərbaycanlıların Soyqırımının qurbanları müxtəlif ölkələrdə anılacaq
1918-ci ilin mart-aprel aylarında ermənilərin Azərbaycanın bir çox şəhər və bölgəsində törətdiyi soyqırımın qurbanlarının xatirəsi dünyanın bir çox ölkəsində anılacaq. Bu barədə SİA-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Martın 30-da Amerika-Azərbaycan Şurası Los Anceles şəhərində "31 Mart qırğınından 95 il ötür" mövzusunda dəyirmi masa, Hyustonda isə Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası "31 Mart Soyqırımı və erməni vəhşiliyi" adlı konfrans təşkil edəcək. Həmin gün Nyu-Yorkdakı Azərbaycan cəmiyyətləri də 31 Mart Soyqırım qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimləri keçirəcəklər. Martın 31-də isə ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycan diaspor təşkilatları 1918-ci ilin mart-aprel aylarında baş verənlərə dair dəyirmi masa, konfranslar və anım mərasimləri təşkil edəcək. Soyqırım günü Hyustonda, Kaliforniya ştatının Los Anceles, San Fransisko, San Xose şəhərlərində də konfrans və anım mərasimlərinin keçirilməsi gözlənilir.
1918-ci ildə ermənilərin Bakıda törətdiyi hadisələrin ildönümü Kanada fəaliyyət göstərən Azərbaycan cəmiyyətləri tərəfindən də geniş qeyd olunacaq. Kanadadakı Azərbaycan diaspor təşkilatları martın 30-da Hamilton və Toronto şəhərlərində 31 Mart Soyqırımına həsr olunmuş konfrans, Montreal şəhərində ədəbi-bədii gecə təşkil edəcək. Martın 31-də isə bu ölkənin Edmunton, Toronto, London, Montreal, North York və Vankuver şəhərlərində 31 Mart mövzusunda rəsm sərgisi, xatirə gecəsi, müzakirələr, elmi konfranslar və anım mərasimləri keçiriləcək.
Almaniyada fəaliyyət göstərən Azərbaycan cəmiyyətləri və Azərbaycan Diasporu hər il olduğu kimi bu il də 1918-ci il martın 31-də baş vermiş faciəni müxtəlif aksiya və tədbirlərlə yad edəcək. Berlindəki Azərbaycan evi, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) və Alman-Azərbaycan Gənclər Assosiasiyası birgə etiraz nümayişi keçirməyi nəzərdə tutub. Etiraz aksiyası martın 31-də Berlinin mərkəzi Brandenburq darvazaları önündə təşkil olunacaq.
Nümayişdən sonra Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin dəstəyi ilə Berlindəki Azərbaycan Evində anım mərasimi keçiriləcək. Təşkilatçılar Azərbaycan xalqına edilən haqsızlıqları alman ictimaiyyətinə çatdırmaq, Azərbaycan diasporunun birlik və həmrəyliyini nümayiş etdirmək üçün Almaniyadakı soydaşlarımızı bu aksiyada iştirak etməyə çağırır.
Rusiya Federasiyası, Ukrayna, Belarus və Moldovoda ermənilər tərəfindən qətlə yetirilən on minlərlə insanın ruhu müxtəlif tədbirlərlə yad ediləcək. Rusiya Federasiyasının Moskva, Sankt-Peterburq, Yekaterinburq, Murmansk, Vladivostok və digər şəhərlərində 31 mart Soyqırımına həsr olunmuş dəyirmi masa və konfranslar keçiriləcək, faciəli hadisələri əks etdirən fotosərgilər təşkil olunacaq və sənədli filmlər nümayiş etdiriləcək.
Martın 30-da Moskvanın "Xudojestvennıy" kinoteatrında tarixçi-ekspertlər, diplomatlar, alimlər, hüquqşünaslar, jurnalistlər, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin əməkdaşları, Ümumrusiya Azərbaycan Konqresinin və Rusiya ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə "Xoca" filminin nümayişi əzərədə tutulub.
Martın 31-də isə Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş Konsulluğunda xatirə gecəsi təşkil ediləcək. Tədbir Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulluğu və diaspor təşkilatlarının dəstəyi ilə keçiriləcəkdir.
31 Mart Soyqırımının qurbanları Ukraynanın paytaxtı Kiyevdə də anılacaq. Ukrayna Azərbaycanlıları Konqresinin ofisində keçiriləcək anım mərasimində Ukrayna ictimaiyyətinin təmsilçiləri, Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyinin əməkdaşları, Ukraynadakı Azərbaycan diasporunun nümayəndələrinin iştirakı planlaşdırılır.
Krım Azərbaycan İcması, Ukrayna Azərbaycanlıları Konqresinin Odessa, Dnepropetrovsk, Nikolayev regional bölmələri də 31 Mart şəhidlərinin xatirəsinə həsr olunmuş mərasim keçirməyi nəzərdə tutub.
Martın 31-də Belarus Respublikasının paytaxtı Minskdə Azərbaycan Respublikasının Belarusdakı Səfirliyi və Belarus Azərbaycan İcmaları Konqresinin təşkilatçılığı ilə xatirə gecəsi keçiriləcək. Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində baş tutacaq tədbirə Belarus ictimaiyyətinin, Azərbaycan diaspor təşkilatlarının nümayəndələri dəvət olunub.
Martın 31-də Azərbaycan Respublikasının Moldovadakı Səfirliyi və Moldova Azərbaycanlıları Konqresi də ölkənin paytaxtında analoji anım mərasimi təşkil edəcək.
Türkiyədə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü yerli kütləvi informasiya vasitələrində işıqlandırılacaq. Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası faciənin anım günü Koceli şəhərində aparıcı yerli kütləvi informasiya vasitələri üçün mətbuat konfransı təşkil edəcək. Mətbuat konfransında 1918-ci ilin 31 mart və 1-2 aprel tarixlərində erməni əsgərlərinin Bakı və Gəncə quberniyalarında, Quba, Xaçmaz, Şamaxı, Lənkəran, Muğan qəzalarında və digər bölgələrdə dinc əhaliyə amansızlıqla divan tutması haqqında məlumat veriləcək. Həmin hadisələr zamanı Azərbaycanın yüzlərlə şəhər və kəndinin xarabalığa çevrilməsi, 700 minədək soydaşımızın öldürülməsi və digər tarixi faktlar KİV-in diqqətinə çatdırılacaq.
Bundan başqa, martın 30-31-də Koceli, Yalova, İzmir, Əskişəhır, İstanbul şəhərlərində də 31 Mart Soyqırımına həsr olunmuş anım mərasimləri, fotosərgilər, film nümayişlərinin təşkili nəzərdə tutulub.
Kiprdəki Azərbaycanlı Tələbələr Birliyi Lefkoşa şəhərindəki Heydər Əliyev prospektində 31 Mart faciəsinin ildönümü ilə əlaqədar yürüş edəcəklər.
Gürcüstan, Misir və Qazaxıstanda fəaliyyət göstərən diaspor təşkilatlarımız da Azərbaycanlıların Soyqırımı ilə bağlı tədbirlər keçirməyi planlaşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB