Parlamentdə Abdulla Gül müzakirəsi

Parlamentdə Abdulla Gül müzakirəsi

Milli Məclisin bugünkü plenar iclasında Türkiyənin prezidenti Abdulla Gülün Serj Sarkisyanı təbrik etməsi əsas mövzu olub. SİA-nın məlumatına görə, millət vəkili Fazil Mustafa bildirib ki, Türkiyə prezidentinin tələsik təbriki narazılıq doğursa da, bunu kampaniyaya çevirmək düzgün deyil. O, Qafqaz-İslam Ordusunun Bakını işğaldan azad etməsindən 90 il ötdüyünü xatırladıb və Bakının işğaldan azad edilməsində rol oynayan insanların adlarının əbədiləşdirilməsini zəruri sayıb.

Spiker Oqtay Əsədov Türkiyə prezidentinin təbrikinə belə münasibət bildirib: "Bu, bizi incitdi, ağrıtdı, Ancaq bunun üzərinə çox getmək lazım deyil. Ermənistanda keçirilən prezident seçkiləri ilə bağlı beynəlxalq təşkilatların susqunluğu da diqqət çəkir. Ermənistanda 2 milyon əhali yoxdur, qeydiyyatdan 2 milyon 500 min insan keçib. Ermənistanda prezidentliyə namizəd də seçkidən əvvəl vuruldu. Martines deyir ki, bu dəfə Ermənistanda keçirilən seçkilər ən yaxşı seçkilərdir. Ermənistanda keçirilən seçkilərdən 7 gün keçməmiş bu seçkilərə beynəlxalq təşkilatların belə yüksək qiymət verməsi diqqət çəkməyə bilməz. Sanki dünyada heç bir məsələ yoxdur".

Millət vəkili Qüdrət Həsənquliyev isə Ermənistanın ayaq üstə qalmasında Türkiyənin də rolu olduğunu bildirib: "Türkiyədən Ermənistana təyyarələr uçur, Ermənistanla ticarət əlaqələri var. Mənim üçün Xamneyi də türkdür. Ancaq Xamneyi Ərdoğandan fərqli olaraq, saqqalı türkdür. Biz İslam Əməkdaşlıq Təşkilatında da Türkiyə və İranla bağlı məsələni qaldırmalıyıq. Serj Sərkisyan Xocalı soyqırımının törədilməsində səhra komandiri olduğunu, Şuşanın işğalında iştirak etdiyini söyləyir. Axı niyə Rusiya kimi Türkiyə prezidenti də Serj Sərkisyanı təbrik etməlidir".

Oqtay Əsədov isə Qüdrət Həsənquliyevin çıxışı ilə razılaşmadığını vurğulayıb: "Türkiyə Azərbaycanın əsas tərəfdaşı, müttəfiqidir. Belə sözlər işlətmək yolverilməzdir".

Bütün xəbərlər Facebook səhifəmizdə