Türkmənçay müqaviləsinin 185-ci ildönümü qeyd edilib YENİLƏNİB

Türkmənçay müqaviləsinin 185-ci ildönümü qeyd edilib YENİLƏNİB

Bu gün Bütöv Azərbaycan Xalq Cəhbəsi Partiyası (BAXCP) Türkmənçay müqaviləsinin 185-ci il dönümü ilə əlaqədar dəyirmi masa keçirib. SİA-nın məlumatına görə, tədbirdə millət vəkilləri Qüdrət Həsənquliyev, Fazil Mustafa, tarix elmi üzrə fəlsəfə doktoru Vaqif Abışov və digər ictimai şəxslər iştirak edib. Tədbirdə 1828-ci il fevralın 10-da Rusiya ilə İran arasında imzalanmış Türkmənçay müqaviləsinin nəticələri müzakirə olunub.

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Türkmənçay müqaviləsi, onun şərtləri və Azərbaycan üçün nəticələrindən danışıb. Onun fikrincə, Türkmənçay müqaviləsini hüquqi baxımdan qüvvədən düşmüş hesab etmək lazımdır: "Son vaxtlar Azərbaycan cəmiyyətində bu problemə xüsusi diqqət yetirilmir. Milli şüurda vahid Azərbaycan ideyasını təbliğ etmək, bu müqaviləni isə hüquqi baxımdan qüvvədən düşmüş hesab etmək lazımdır. Cənubi Azərbaycanda baş verənləri daim diqqətdə saxlamalıyıq və bununla bağlı ölkə rəhbərliyi müvafiq qərarlar qəbul etməlidir".

BQP sədri, millət vəkili Fazil Mustafa isə bildirib ki, bu müqavilə artıq qüvvədən düşüb və heç bir siyasi təsiri yoxdur. O, həmin dövrdəki siyasi şəraiti diqqətə çatdırıb: "Napoleon imperiyasının çökməsi ilə dünyanın yenidən bölüşdürülməsi məsələsi gündəmə gəldi. Həmin dövrdə Rusiyanın Azərbaycanı işğal etməsinin əsas məqsədlərindən biri Dağıstanın arxa cəbhəsini ələ keçirmək idi. Sonralar şimali və cənubi Azərbaycan arasındakı fərqə də baxmaq lazımdır. Düşünürəm ki, müqavilə Şimali Azərbaycanı radikal dindən uzaqlaşdırdı və Rusiya vasitəsilə də olsa, Qərbə inteqrasiyasını sürətləndirdi".

Daha sonra digər tədbir iştirakçıları bağlanmış müqavilənin acı nəticələrindən danışdı.

Qeyd edək kİ, Türkmənçay müqaviləsi II Rusiya-İran müharibəsi nəticəsində 1828-ci il 10 Fevralda Rusiya ilə İran arasında Türkmənçay kəndində bağlanıb. Müqavilənin imzalanmasında tanınmış rus yazıçısı A.S.Qriboyedov və Azərbaycan mütəffəkiri A.Bakıxanov da iştirak ediblər. Bakıxanov bu tarixi hadisədə tərcüməçi kimi iştirak edib. Müqaviləni Rusiya tərəfindən İvan Paskeviç, İran tərəfindən isə Mirzə Əbdül Həsən xan imzalayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə