Sədaqət Vəliyeva: ""Human Rights Watch"un hesabatı Ştrasserin dəstəkçilərinin AŞPA-dakı məğlubiyyətinin emosional təzahürüdür"
"Human Rights Watch"un hesabatı Ştrasserin dəstəkçilərinin AŞPA-dakı məğlubiyyətinin emosional təzahürüdür. Çünki, Ştrasserlə bu kimi digər insan hüquqları sahəsində hesabatlar hazırlayan bütün təşkilatlar eyni mərkəzdən idarə olunur. Bu isə o deməkdir ki, anti-Azərbaycançı dairələrin AŞPA-da məğlubiyyəti onlarda isterika formalaşdırıb. Məhz, qisas almaq üçün müxtəlif yollara baş vuran həmin qərəzli dairələr yenidən ənənəvi metoddan istifadə etməyə cəhd göstərirlər". Bunu YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva deyib.
Onun sözlərinə görə, bu cür reallığı əks etdirməyən hesabatlarla Azərbaycanı demokratik inkişaf yolundan döndərmək mümkün olmayacaq: "Əlbəttə ki, dəfələrlə "Human Rights Watch", "Freedom House" kimi təşkilatların qeyri-obyektivliyi dəfələrlə sübut olunub. Hətta, onlardan dünyanın güclü dövlətlərinin geosiyasi və geoiqtisadi maraqlarının təminatı naminə müxtəlif kiçik dövlətlərə təzyiq etmək üçün siyasi alət kimi istifadə olunması faktı da cəmiyyətə bəllidir. Ona görə də, hesab edirəm ki, nəinki "Human Rights Watch"un, həmçinin, digər bu cür təşkilatların hesabatları qeyri-ciddidir və maraqlı qrupların mənafeyinə xidmət edir".
Millət vəkili diqqətə çatdırıb ki, Azərbaycan hüquqi və demokratik dövlətdir, burada yaşayan bütün müxtəlif etnosların nümayəndələri sülh şəraitində yaşayır. Eyni zamanda, vətəndaşların hüquq və azadlıqları Konstitusiya və onun tələblərindən irəli gələn qanunvericilik əsasında təmin olunur, qorunur: "Amma çox təəssüflər olsun ki, bəzi qüvvələr demokratik şəraitdən sui-istifadə etməklə, qanunları pozurlar. Qanunu pozan şəxslər isə mütləq cəzalandırılmalıdır. Lakin qərəzli siyasi dairələr bunu siyasiləşdirməklə, Azərbaycana təzyiq etməyə cəhd göstərirlər. Elə sözügedən hesabatlar da bu cür meydana gəlir. Düşünürəm ki, bu cür reallığı əks etdirməyən hesabatlarla Azərbaycanı demokratik inkişaf yolundan döndərmək mümkün olmayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB