Politoloq: “Azərbaycanın mövqeyi açıq-aşkar ortalıqdadır”

Politoloq: “Azərbaycanın mövqeyi açıq-aşkar ortalıqdadır”

Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasda cənab prezident İlham Əliyevin diqqət yetirdiyi əsas məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli idi. Bunu SİA-ya Prezident Yadında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırma İnstitutunun direktoru, siyasi elmlər doktoru Elman Nəsirli Dövlət başçısı İlham Əliyevin ordumuzla bağlı söylədiyi fikirlərə şərh verərkən belə deyib.

Politoloqun sözlərinə görə, ölkə prezidenti hələ ötən ilin sentyabrın 21-də xarici diplomatik korpus rəhbərləri ilə keçirdiyi sayca dördüncü müşavirədə belə bu məsələni xüsusilə diqqətə çatdırıb: "Həmin iclasda cənab İlham Əliyev birdaha qeyd edib ki, münaqişə artıq öz həllini tapmalıdır və Ermənistan öz işğalçı qüvvələrini Azərbaycan ərazisindən çıxarmalıdır. Dövlət başçısı xüsusilə onu da vurğulayıb ki, 2012-ci ildə bu istiqamətdə münaqişənin həlli ilə bağlı bir sıra vacib addımlar atılıb. Məlumdur ki, ölkəmiz ötən ildən etibarən Qoşulmama Hərəkatının üzvüdür. Tehranda keçirilən ilk sammitdə Ermənistan-Azərbaycan DQ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı tarixi qərar qəbul edilib. Həmçinin o da bildirilib ki, ötən ildə nümayəndə heyəti NATO-nun Çikaqo sammitinin qəbul etdiyi yekun sənəddə Ermənistan-Azərbaycan DQ münaqişəsinin yenə də ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı tarixi qərar qəbul edilib".

E.Nəsirli deyib ki, bu iclas zamanı Ermənistan tərəfinə bir sıra mesajlar ünvanlandı: "Təbii ki, hər bir şeyin sonu olduğu üçün bu danışıqların da bir sonu olmalıdır. Məhz buna görə də hesab edirəm ki, Ermənistan bu məsələ ilə bağlı konstruktiv mövqe nümayiş etdirməlidir. Əgər bütün bunlar baş verməsə və Ermənistan ona yönəlik deyilənləri əhəmiyyətsiz saysa, artıq Azərbaycanın mövqeyi açıq-aşkar ortalıqdadır. Məlumdur ki, danışıqlar taktikası baş tutmayacağı təqdirdə hərb xüsusi olaraq önə keçir. Həmçinin həmin iclasa birdaha qeyd olundu ki, ölkəmiz ən müasir silahlarla təchiz olunub və ordumuz günü-gündən güclənir. Bununla belə Dövlət büdcəsindən hər il xeyli sayda vəsait məhz ordunun gücləndirilməsi üçün sərf edilir. Təkcə 2013- ilin Dövlət büdcəsində hərbi xərclərin 3,7 milyard manat olması nəzərdə tutulub. Fakt özü budur ki, tək Ermənistanın ümumi büdcəsi 2 milyard dollara bərabərdir".

Bütün xəbərlər Facebook səhifəmizdə