Aydın Hüseynov: "İsa Qəmbər daha çox qanunazidd əməlləri ilə tanınır"

"Bunun qarşısı qanun çərçivəsində alınmalıdır"
Aydın Hüseynov: "İsa Qəmbər daha çox qanunazidd əməlləri ilə tanınır"

Müsavat partiyasının başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli heç vaxt bir-birlərini qəbul etməyib və etməyəcəklər də. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov deyib.

Onun sözlərinə görə, İ.Qəmbər prezident və parlament seçkilərində namizədliyini irəli sürsə də, heç 3 faiz səs belə toplaya bilməyib: "Bunların hər ikisi özündənrazı, müştəbeh insanlardır. Onlar hətta bir komandada olduqları vaxtda belə bir-biri ilə düşmən idilər. Sözsüz ki, hadisələr yenidən təkrarlanır. Bu iki şəxsin bir araya gəlib birləşməsi mümkün deyil. Çünki onları birləşdirəcək heç bir amal yoxdur, əksinə şəxsi ambisiyaları yetərincədir. İ.Qəmbərin seçkilərdən əvvəl təbliğata başlaması və namizədliyini müxalifət düşərgəsində təsdiqlətməyə cəhd etməsi heç bir nəticə verməyəcək. Çünki bütün bunlar absurd təxəyyülün məhsuludur. İsa Qəmbər daha çox qanunazidd əməlləri ilə tanınır. Bu insan bütün seçkilərdə seçki məcəlləsinin tələblərini, qanunları pozub. Sözsüz ki, qanunazidd hərəkətlərin də qanun çərçivəsində qarşısı alınmalıdır".

A.Hüseynov deyib ki, ümumiyyətlə, Azərbaycandakı seçki prosesi demokratikliyi ilə seçilir və bu da başqa ölkələr üçün bir nümunə ola bilər: "Azərbaycan xalqı hər zaman cənab Prezident İlham Əliyevi müdafiə edib, iki dəfə seçkilərdə Ona etimad göstərib və Onunla birgə olub. Bu da təsadüfi deyil. Çünki dövlət başçısı ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirir".

Bütün xəbərlər Facebook səhifəmizdə