Raffi Hovanisyan Azərbaycan ərazilərinin işğalında böyük rol oynayıb

Raffi Hovanisyan Azərbaycan ərazilərinin işğalında böyük rol oynayıb

"Hesab edirəm ki, danışıqların bərpa olunması üçün xeyli vaxt lazmdır. ATƏT-in Mİnsk qrupu həmsədlərinin bundan öncəki səfərləri zamanı da prinsipial olaraq heç bir açıqlama verilməyib". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, hələ heç dövlət başçılarının görüşünün vaxtı belə müəyyən edilməyib: "Danışıqların ən yüksək məcrada xarici işlər nazirləri səviyyəsində keçirilə biləcəyi məsələsi hələ ki, gündəmdədir. Bu baxımdan hesab edirəm ki, həmsədrlərin bu səfərindən də hər hansı yenilik gözləməyə dəyməz. Düşünürəm ki, bu prosesdəki soyuq münasibətlər hələ bir müddət davam edəcək".

E.Mirzəbəyli hesab edir ki, artıq dünyanın bir sıra ölkələrində və beynəlxalq təşkilatlarda Dağlıq Qarabağla bağlı məsələdə Azərbaycan aktiv siyasət yürüdür: "Məlum məsələdir ki, Belçika, İtaliya parlamentində DQ-la bağlı dinləmələr olub. Bu yaxınlarda isə İspaniya parlamentində bu reallaşıb. Bununla belə İslam Konfransı Təşkilatının Xarici işlər nazirləri səviyyəsində keçirilən toplantısında Xocalı soyqırımı xüsusilə Azərbaycan ərazilərinin işğalı ilə bağlı növbəti qərar qəbul olundu. Bu qərar hökumətlər səviyyəsində qəbul olunan ən böyük qərarlardan biridir. Bu baxımdan Ermənistan hiss edir ki, beynəlxalq, diplomatik müstəvidə uduzur. Eyni zamanda, bu gün Ermənistanın daxilində böyük gərginlik var".

Siyasi şərhçi bildirib ki, Ermənistanın keçmiş xarici işlər naziri Raffi Hovanisyanın Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyasındakı qalmaqallı çıxışını da bu gərginliyin bir növü kimi qəbul etmək lazımdır: "Bununla belə Ermənistandakı seçkilər öncəsi təmsil etdiyi partiyanın aktivliyini nümayiş etdirmək istəyir. R.Hovanisyan Azərbaycan ərazilərinin işğal edilməsində bilavasitə böyük rol oynayıb. Bu baxımdan hesab edirəm ki, onun Bakıdakı çıxışı növbəti nitqlərinin davamı kimi qəbul olunmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə