Milli Məclis "Azərbaycan hökuməti və Türkiyə hökuməti arasında axtarış və xilasetmə xidmətlərinin əlaqələndirilməsi haqqında" Sazişi ratifikasiya üçün müzakirəyə çıxaracaq. SİA-nın məlumatına görə, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsi bu gün keçirdiyi iclasda Sazişi parlamentin plenar iclasına tövsiyə edib. Milli Məclisin birinci vitse-spikeri, parlament komitəsinin sədri Ziyafət Əsgərovun iclasda bildirdiyinə görə, sazişdə qeyd olunur ki, sənəd 5 illik müddətə imzalanır və bu müddətin bitməsinə 6 ay qalmış tərəflərdən hansınınsa narazılığı olmadığı təqdirdə daha 5 il müddətinə uzadılır.
"Saziş Türkiyə və Azərbaycan arasında münasibətlərin hüquqi müstəvidə daha da möhkəmlənməsinə səbəb olacaq", - Əsgərov deyib. O qeyd edib ki, sənəd tək xilasetmə və axtarış tədbirləri deyil, eyni zamanda fors-major hallarda qarşılıqlı yardımların göstərilməsini də nəzərdə tutur.
Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə iclasda qeyd edib ki, bu sazişin müddəalarının həyata keçirilməsi ilə Azərbaycan və Türkiyə münasibətləri daha yeni səviyyəyə qalxacaq: "Türkiyədə baş verən zəlzələdən sonra Azərbaycan Fövqəladə Hallar Nazirliyi xilasetmə işlərində fəal iştirak etdi. Artıq bu işlər əlaqələndirilmiş halda həyata keçiriləcək".
Deputat bildirib ki, saziş bütün sahələri əhatə edir və müxtəlif növ xilasetmə xidmətlərinin əlaqələndirilməsini nəzərdə tutur.
Saziş axtarış və xilasetmə dəstələrinə digər tərəfin avadanlıqlarından istifadə etmək icazəsi verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB