"Azərbaycan ictimaiyyətinin NATO-ya münasibəti birmənalı deyil" EKSKLÜZİV

"Azərbaycan ictimaiyyətinin NATO-ya münasibəti birmənalı deyil" EKSKLÜZİV

Ruminiya və NATO rəhbərliyinin təşkilatçılığı ilə Belçikada 11-14 noyabr tarixlərində İctimai fikir Liderlərinin toplantısı keçirilib. İldə bir dəfə təşkil olunan toplantıda NATO-Azərbaycan, NATO-nun Cənubi Qafqazın digər ölkələri ilə münasibətləri, eyni zamanda raket əleyhinə müdafiə sistemi ilə bağlı, İranla bağlı məsələlər əsas müzakirə predmeti olub.

Həmin toplantıda iştirak edən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini, politoloq Elman Nəsirlinin SİA-ya verdiyi məlumata görə, NATO-nun təşkil etdiyi bu tədbirdə diqqət mərkəzində saxlanılan əsas məsələ regiondakı təhlükəsizlik problemləri ilə bağlı olub: "Biz çalışırdıq ki, burada bir sıra suallar ətrafında fikir mübadiləsi aparılsın. Məsələn, nəyə görə, NATO rəhbərliyi bir çox hallarda real vəziyyətə adekvat addım atmır? Halbuki, Azərbaycan NATO və Avropa ölkələrinin enerji təhlükəsizliyinə böyük töhvələr verir. Lakin Ermənistan dövləti bu kimi proseslərdə iştirak etmir və etdiyi halda belə bu yalnız simvolik xarakter daşıyır. Onu da nəzərə alsaq ki, Ermənistan dövləti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Amma Azərbaycan heç bir hərbi bloka daxil deyil. Belə olan təqdirdə belə iki dövlət arasında fərq qoyulmur. Biz daha çox bu məsələləri qaldırdıq".

E.Nəsirli hesab edir ki, Azərbaycan ictimai fikrində NATO-ya münasibət birmənalı deyil: "Məsələn, NATO Azərbaycanın Dağlıq Qarabağ problemi ilə bağlı məsələdən "bu çözümün həllinə ATƏT-in Mİnsk qrupu vasitəçilik etməlidir", deyərək yan ötməyə çalışır. Biz onu da nəzərə almalıyıq ki, NATO-nun Lissabon sammitində yeni təhlükəsizlik konsepsiyası qəbul olunub. Həmin konsepsiyada da qeyd olunur ki, istənilən regionda təhlükəsizlik məsələləri ilə bağlı NATO öz mövqeyini bildirir və konkret addımlar atır. Hesab edirəm ki, bizim fəaliyyətimizin ana xəttini Azərbaycanın təhlükəsizliklə bağlı reallıqlarını, təcavüzə məruz qalmağımız və onun nəticəsi ilə bağlı məsələləri NATO rəhbərliyinə ictimai fikir liderləri kimi çatdıraq".

Bütün xəbərlər Facebook səhifəmizdə