Elçin Mirzəbəyli: "Rusiya həm də işğalçı tərəfdir"

Son vaxtlar mətbuatda yayılan məlumatlara görə, Rusiya tərəfi yenidən işğalçı Ermənistana öz hərbi siyasi dəstəyini nümayiş etdirir. Belə ki, Ermənistandakı 102-ci hərbi bazasının 10 hərbi hissəsinin işğalçı ölkəyə verilməsi barədə ilkin razılığın əldə olunduğu bildirilir. Rusiyanın işğalçı Ermənistana hərbi yardım göstərməsi regionda ictimai-siyasi sabitliyin pozulması və Dağlıq Qarabağ münaqişəsində Ermənistana hərbi dəstəyin növbəti təsdiqi kimi qiymətləndirmək olarmı? Bu məsələyə aydınlıq gətirmək üçün politoloq Elçin Mirzəbəyliyə müraciət etdik.

E.Mirzəbəyli bildirdi ki, hər zaman olduğu kimi, Rusiya tərəfi yenə də işğalçı ölkə olan Ermənistana qarşı öz dəstəyini verməkdə davam edir. Bir sözlə, Rusiyanın Ermənistanda hərbi bazasının yerləşməsi yenə də Rusiyanın işğalçı ölkəyə himayədarlıq etməsini deməyə əsas verir. Demək olar ki, bu günə qədər Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan müzakirələrdə heç bir nəticənin əldə olunmamasının əsas səbəbkarı, məhz Rusiya tərəfidir. Burada Rusiya nəinki işğalı dəstəkləyən dövlətdir, həm də işğalçı tərəfdir. Çünki Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunması prosesində Rusiya işğalçı ölkəyə hərtərəfli dəstək verən bir dövlətdir. Bu baxımdan, Rusiya tərəfinin yenidən işğalçı Ermənistana öz hərbi siyasi dəstəyini nümayiş etdirməsi və Ermənistandakı 102-ci hərbi diviziyadan 10 hərbi hissənin işğalçı ölkəyə verilməsi barədə ilkin razılığa gəlməsi təkcə regionda bütövlükdə sabitliyin pozulmasına xidmət etmir, eyni zamanda, Avropada adı silahlar haqqında sazişin kobud şəkildə pozulmasına xidmət etmək deməkdir. Bildiyiniz kimi, Ermənistan bundan öncə aldığı silahlarla, o cümlədən, Rusiyanın Ermənistana əvəzsiz verdiyi 1 milyard dollarlıq silahla bu balansı və sazişi pozub. Atılan bu addımlar isə növbəti dəfə Rusiyanın beynəlxalq hüququ ayaqlar altına atması kimi dəyərləndirilməlidir. Bir sözlə, bütün bunlar heç də təəccüb doğurmur. Çünki hər zaman Rusiya işğalçı tərəf kimi çıxış edir. Demək olar ki, Ermənistan regionda Rusiyanın for-postu rolunu oynayır. Bütün dünya ölkələri çox gözəl bilərək dərk edirlər ki, işğalçı ölkə olan Ermənistan Rusiyanın diqtəsi ilə oturub-durur. Bunun da səbəbi Rusiya tərəfinin işğalçı Ermənistana hərtərəfli dəstək verməsi ilə bağlıdır.

Gülyanə AĞAKƏRİMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə