Ermənistan sui-istifadə yolunu tutub

Prezident: "Ramil Səfərovun azad edilməsi qanunlara uyğun idi"
Ermənistan sui-istifadə yolunu tutub

Ramil Səfərovun Azərbaycana ekstradisiyası Avropa Konvensiyasına, əfv olunması isə Azərbaycan qanunlarına uyğun idi. SİA-nın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev NATO-nun baş katibi Anders Foq Rasmussenlə keçirdiyi birgə mətbuat konfransında deyib.

Dövlət başçısı bildirb ki, siyasi nöqteyi-nəzərdən hər şey aydındır. Azərbaycanın Avropa Konvensiyasını pozduğunu deyənlər ya reallığı görmürlər, ya da ictimai rəyi çaşdırmaq istəyirlər: "Azərbaycan münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Ermənistan bundan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə zərbə vurmaq məqsədilə istifadə etməməlidir. Ermənistan tərəfi isə Ramil Səfərovun əfv olunması ilə bağlı hay-küy qaldırıb. Kim deyir ki, bu məsələdə qanun pozulub, o, reallığı bilmir. Ermənistan sülh danışıqlarında status-kvonu saxlamaq istəyir. Ona görə də bu məsələdən istifadə edir".

Prezident xatırladıb ki, Parisin Orli aeroportunda avropalı və ABŞ vətəndaşlarının ölməsi ilə nəticələnən terror aktının iştirakçısı olan erməni Ermənistan vətəndaşı olmaya-olmaya bu ölkəyə ekstradisiya edilib, əfv olunub və qəhrəman səviyyəsinə yüksəldilib.

"Mən bizim zabiti həmin terrorçularla müqayisə etmək istəmirəm. Amma Ramil Səfərov 9 ilə yaxın öz cəzasını çəkib. Onun azad olunması qanunlara uyğun idi", - deyə İlham Əliyev qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə