Fərhad Məmmədov: \"Əsas məsələ Dağlıq Qarabağ bölgəsinin Azərbaycan ərazisində statusunu təyin etməkdir\"

Fərhad Məmmədov: \"Əsas məsələ Dağlıq Qarabağ bölgəsinin Azərbaycan ərazisində statusunu təyin etməkdir\"

"Avropada milli azlıqlar: "Cənubi Tirol modeli və onun Qafqaza uyğunluğu" mövzusunda beynəlxalq konfrans keçirilir. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov deyib ki, konfransın əsas məqsədi dünyada fəaliyyət göstərən müxtəlif muxtariyyət modellərini yaxından öyrənmək, onlarla Azərbaycan cəmiyyətini tanış etmək, bu cür modellərin bəzi elementlərinin Qafqazdakı münaqişələrin həlli prosesində tətbiqini müzakirə etməkdən ibarətdir. Fərhad Məmmədov bildirib ki, ATƏT-in Minsk Qrupu həmsədrləri ilə aparılan danışıqlarda əsas məsələ Dağlıq Qarabağ bölgəsinin Azərbaycan ərazisində statusunu təyin etməkdir: "Bu statusun, siyasi idarəetmənin hansı formada olması mədəni hüquqların qorunması məsələsi vacib əhəmiyyət daşıyır. Ona görə də belə münaqişələrin dərindən araşdırılması pozitivdir. Analoji münaqişələrin öyrənilməsi həm Azərbaycan, həm də aparılan danışıqlar üçün vacibdir. Xalq diplomatiyası hər iki münaqişə tərəfinin iştirakı ilə baş verir. SAM dəfələrlə erməni ekspertləri ilə bu istiqamətdə birgə tədbirlər keçirməyə cəhd edib. Bu sahədə təcrübəmiz var. Erməni ekspertləri bir neçə dəfə Azərbaycana gəlib. Bunun gələcəkdə də təkrarlanacağına ümid edirəm. Statusun müəyyənləşməsi uzun prosesdir. Bunu Azərbaycan prezidenti dəfələrlə bəyan edib. Əsas məsələ işğalçıların Azərbaycan ərazisindən çıxarılması, Dağlıq Qarabağ və ətraf rayonlarına vətəndaşlarımızın qayıtmasıdır. İkinci mərhələdə isə biz Dağlıq Qarabağın statusu ilə bağlı söhbət edə bilərik".

F. Məmmədov qeyd edib ki, SAM bir neçə ildir dünyada etnik-ərazi münaqişələrinin həlli və münaqişədən sonrakı mərhələdə dinc yanaşı yaşamaq mexanizmlərinin öyrənilməsi üzrə layihələr həyata keçirir. Belə ki, 2011-ci ilin sonunda SAM nümayəndələri İtaliyanın Cənubi Tirol bölgəsində olublar və bu presedenti öyrənməyə başlayıblar.

İtaliyanın Trento Universitetinin hüquq fakültəsinin professoru Roberto Tonitati Cənubi Tirol münaqişəsinin yaranması və sülh yolu ilə həllindən danışıb. O, bildirib ki, uzun illərdən bəri Cənubi Tirolda yaşayan italiyanlar və almanlar arasında gərginlik mövcud olub: "Lakin bu məsələ 1992-ci ildə uğurla həllini tapıb. Cənubi Tirolda almanlara və italyanlara müxtariyyat verilib və möcvud olan gərginliyin aradan qaldırılmasına nail olunub. O, bu modelin Ermənistan-Azərbaycan, Dağlıq Qarabaq münaqişəsinin həlli üçün də keçərli ola biləcəyini istisna etməyib".

Bütün xəbərlər Facebook səhifəmizdə