Gürcüstan: tarixi prosesin təməli qoyuldu

Gürcüstan: tarixi prosesin təməli qoyuldu

Məlum olduğu kimi, Gürcüstanla Avropa Birliyi arasında vizasız rejimin tətbiqi ilə bağlı danışıqlara başlanılıb. Bu məqsədlə ölkənin xarici işlər naziri Qriqol Vaşadze ilə AB-nin daxili məsələlər üzrə komissarı Sesiliya Malster Belçikada bir araya gəliblər.


Gürcü mediası xəbər verir ki, məsələyə Gürcüstan prezidentinin mətbuat katibi Manana Mancqaladze münasibət bildirib. O, sözügedən görüşü ölkəsi üçün tarixi hadisə adlandırıb: "Hadisəni Gürcüstan üçün tarixi prosesin başlanğıcı kimi də dəyərləndirmək olar. Bu, tam reallaşacağı təqdirdə Gürcüstan vətəndaşları Avropa Birliyi ölkələrində vizasız səyahət etmək imkanı əldə edəcəklər".


Qeyd edək ki, 2011-ci ilin noyabrında AB-nin səkkiz xarici işlər naziri Gürcüstanla vizasız rejiminin və azad ticarətin qurulması ilə bağlı qurumun 4 müvafiq ali komissarına müraciət ünvanlayıb.


Onu da deyək ki, AB ilə Gürcüstan arasında sadələşdirilmiş viza rejimi 2011-ci ilin martından qüvvədədir.

Bütün xəbərlər Facebook səhifəmizdə