YAP Gənclər Birliyində “Dağlıq Qarabağ və erməni terrorizmi” mövzusu müzakirə olunub

YAP Gənclər Birliyində “Dağlıq Qarabağ və erməni terrorizmi” mövzusu müzakirə olunub
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyində növbəti mühazirə keçirilib. SİA-nın xəbərinə görə, mühazirələr davamlı olaraq ölkənin tanınmış elm xadimləri, professorları tərəfindən tədris edilir. Bu səfər gənclərin qonağı Bakı Dövlət Universitetinin (BDU) "Kriminalistika və məhkəmə ekspertizası kafedrası"nın müdiri, hüquq elmləri doktoru, professor Kamil Səlimov olub. İlk öncə tədbiri giriş sözü ilə YAP GB-nin sədri Seymur Orucov açaraq bildirib ki, layihənin bu dəfəki mövzusu "Dağlıq Qarabağ və erməni terrorizmi" mövzusunda olacaq. Qeyd olunub ki, Azərbaycan kənardan təşkil olunan terror fəaliyyətinin birbaşa hədəfinə çevrilib: \"Ermənistan Respublikası Azərbaycanın mülki əhalisi və infrastrukturuna qarşı onlarla terror aktı törədib. Bunun nəticəsində 2 mindən artıq azərbaycanlı həyatını itirib. Ermənistan öz güc strukturlarının bilavasitə iştirakı ilə hazırladığı həmin terror aktlarını beynəlxalq terror qruplarından istifadə edərək törədib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin fəal fazasında Ermənistan etnik təmizləməyə nail olmaq üçün hərbi təcavüzlə yanaşı, mülki əhaliyə qarşı geniş şəkildə terror aktlarından da istifadə edib. Həmin vəhşilik aktları 1992-ci ilin fevral ayında Xocalı əhalisinin məhv edilməsi ilə kulminasiya nöqtəsinə çatdı. Həmin vaxt 613 günahsız insan, o cümlədən qadınlar, uşaqlar və yaşlılar öz həyatı ilə vidalaşıb. Yüzdən artıq qadın, altmış üç uşaq qətlə yetirilib\".


Daha sonra həmin mövzu ətrafında gənclərə ətraflı məlumat verən BDU-nun "Kriminalistika və məhkəmə ekspertizası fedrası"nın müdiri, hüquq elmləri doktoru, professor Kamil Səlimov deyib ki, artıq XXI əsr informasiya əsridir. Bu istiqamətdə informasiya o qədərdir ki, həmin informasiyanı peşəkar səviyyədə qəbul etmək gənclərin biliklərinin formalaşdırılmasında müstəsna əhəmiyyət kəsb edir. Bildirilib ki, terror təhlükəsinin tamamilə aradan qaldırılması, hansısa xalqın və dövlətin bu dəhşətli sınaqlara, sarsıntılara məruz qalmaması üçün beynəlxalq ictimaiyyət səylərini birləşdirməli, terrorçuluğa qarşı mübarizə əzmini əməli işdə və sıx əməkdaşlıqda sübuta yetirməlidir: \"Beynəlxalq terrorizmlə mübarizənin strateji məqsədi yalnız ayrı-ayrı terrorçu təşkilat, qrup, yaxud şəxslər deyil, həm də onu doğuran səbəb və mənbələrin aradan qaldırılması olmalıdır. Bu zərurəti düzgün dəyərləndirən Azərbaycan Respublikası terrorizmlə mübarizədə beynəlxalq birliyin səylərini hər zaman müdafiə etməklə siyasi, iqtisadi, dini və digər motivlərindən asılı olmayaraq, bəşəri bəlanın bütün forma və təzahürlərinə qarşı birmənalı mövqe tutub. Təcrübə göstərir ki, bu gün terrorçuluğa rəvac verən ən başlıca amillərdən biri də ərazi separatizminin genişlənməsidir. Müəyyən dövlətlər özlərinin işğalçı siyasətlərini gerçəkləşdirmək üçün terroru dövlət səviyyəsində dəstəkləyirlər və bunu təcavüzkar Ermənistanın timsalında əminliklə söyləmək olar. Təkcə bir faktı qeyd etmək lazımdır ki, 1988-ci ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 2 mindən artıq Azərbaycanın dinc vətəndaşı terror aktlarının qurbanı olub. Şübhəsiz, bu və digər faktlar - Ermənistanın beynəlxalq humanitar hüququn ən ali norma və prinsiplərini kobud şəkildə pozan, dövlət səviyyəsində terrorizmi, soyqırımı dəstəkləyən təcavüzkar dövlət olduğunu, etnik təmizləmə siyasəti yeritdiyini bir daha təsdiqləyir. Təbii ki, sadalanan bu və digər faktlar beynəlxalq birliyi də qəflət yuxusundan ayıltmalıdır. Çünki bu gün erməni terrorizmi bütövlükdə Cənubi Qafqaz kimi həssas regionda sülh və təhlükəsizliyi, səmərəli iqtisadi əməkdaşlıq təşəbbüslərini təhdid edir\".


Sonda gəncləri maraqlandıran suallara qonaqlar tərəfindən aydınlıq gətirilib və gənclərin bu işdə bu kimi işlərdə görə biləcəyi məsələlər müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə