Qanunsuz tikililərlə bağlı qanun layihəsi hazırlanır

Parlamentdə ölkədə qanunsuz tikililərlə bağlı yeni qanun layihəsi hazırlanır. SİA-nın xəbərinə görə, İqtisadi siyasət, həmçinin Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında Tikinti və Şəhərsalma Məcəlləsinin ikinci oxunuşunun müzakirəsi zamanı Milli Məclisin (MM) şöbə müdirinin müavini Səyyad Kərimov bildirib ki, Tikinti və Şəhərsalma Məcəlləsinin istər birgə komitələrin, istərsə də parlamentin plenar iclasında birinci oxunuşda müzakirəsi zamanı qanunsuz tikintilərin sənədləşdirilməsi məsələsi daha çox müzakirə obyekti olub.

"Lakin qanunsuz tikintilərin sənədləşdirilməsi ilə bağlı məsələ Tikinti və Şəhərsalma Məcəlləsinin predmeti deyil. Bu məsələ ilə bağlı dövlət başçısının da tapşırığı var və o, hökumətin də nəzarətindədir. Bu baxımdan, şöbəmiz, həmçinin Tikinti və Şəhərsalma Məcəlləsinin hazırlanması ilə məşğul olan işçi qrupu belə bir qərara gəlib ki, bu yöndə ayrıca bir qanun layihəsi hazırlansın. Hələlik bununla bağlı müəyyən müzakirələr getdiyi üçün onu gündəliyə təqdim edə bilmirik",- deyə Səyyad Kərimov sözlərinə əlavə edib.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə Tikinti və Şəhərsalma Məcəlləsinin ikinci oxunuşu ilə bağlı bildirib ki, bu sənədin birinci oxunuşundan sonra geniş ictimai müzakirələr keçirilib.

Müzakirələrdən sonra Şəhərsalma və Tikinti Məcəlləsinin yenilənmiş variantı ikinci oxunuşda müzakirə olunması üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...