Avropa Parlamentinin mayın 24-də Azərbaycanla bağlı qəbul etdiyi "İnsan hüquqları, demokratiya və hüququn aliliyinin pozulmasına dair" qətnamə ilə bağlı Milli Məclisin sədri Oqtay Əsədov beynəlxalq təşkilatın rəhbəri Martın Şultsa etiraz məktubu ünvanlayıb. Milli Məclisin mətbuat xidmətinin yaydığı məlumata görə, məktubda qeyd olunub ki, "Son qətnamə Avropa Parlamentinin Azərbaycana münasibətinin səmimiliyini şübhə altına alır". Bundan başqa spiker etiraz məktubunda bildirib ki, Azərbaycanın insan hüquqlarının və azadlıqlarının qorunması istiqamətində atdığı addımlar, qəbul etdiyi qanunlar, bu sahədə Avropa Şurasının Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və digər nüfuzlu təşkilatlarla sıx əməkdaşlığı mövcuddur. "Baş verən ayrı-ayrı halları ümumiləşdirərək, Azərbaycanda həyata keçirilən demokratik prosesləri gözdən salmağa, xüsusi məsələləri ümumi inkişaf meyli kimi təqdim etməyə cəhd göstərilməsi məsələlərə birtərəfli yanaşmanı nümayiş etdirir. Bütün bunları nəzərə aldıqda, Avropa Parlamentinin son qətnaməsi ümumi ruhuna və mətninə görə Azərbaycanda insan hüquqlarının və azadlıqlarının qorunması, qanunun aliliyinin təmin edilməsi, hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu sahəsində həyata keçirilən işlərin üstündən xətt çəkmək cəhdi kimi qiymətləndirilə bilər". Milli Məclis sədri həmçinin əlavə edib ki, qətnamənin bu şəkildə qəbul edilməsinin başlıca səbəblərindən biri müzakirələrdə Azərbaycan tərəfinin arqumentlərinin nəzərə alınmaması, dəqiq olmayan və yoxlanılmamış məlumatların əsas götürülməsi olub. Oqtay Əsədov fikirincə, Azərbaycan bir tərəfdən, ərazilərinin 20 faizini işğal etmiş Ermənistanla hərbi qarşıdurma və faktiki müharibə vəziyyətindədir, digər tərəfdən cənubdan İslam fundamentalizmi təhlükəsi getdikcə güclənir: "Belə bir şəraitdə Avropa Parlamentinin ikili standartlara əsaslanan, islamofobiya əlamətləri açıq-aşkar sezilən, Azərbaycanda vəziyyəti qeyri-obyektiv şəkildə qiymətləndirən, onun beynəlxalq imicinə zərbə vurmağa yönələn bu cür qərəzli qətnamə qəbul etməsi ikitərəfli münasibətlərə kölgə salır və Avropa Parlamentinin Azərbaycana münasibətinin səmimiliyini şübhə altına alır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB